AZ

Cəlilabadda payızlıq kartof yığımı davam edir

İl ərzində eyni sahədən 2 dəfə müxtəlif kənd təsərrüfatı məhsulları götürmək Cəlilabadda xarakterik hal almışdır. Bu, torpaqdan daha səmərəli istifadə edərək həm məhsul bolluğu yaradılmasına, həm əmək tutumuna, həm də fermerin torpaqdan daha yüksək məhsul əldə etməsinə və torpaq üçün vacib şərt olan növbəli əkinin tətbiqinə şərait yaradır. 

Bunun əvəzində əkinçilər də torpağa nümunəvi qulluq göstərməyi unutmurlar, şum altına lazımi qədər üzvi və mineral gübrələr verirlər. Ümumiyyətlə, münbit Cəlilabad torpağı nə desən yetişdirir. 

Sovetlər zamanında da burada kartof əkilirdi, lakin yalnız həyətyanı sahələrdə. Kolxoz və sovxozlara məxsus torpaqlarda isə taxıl və üzüm əkilirdi. Torpaq islahatı aparılandan sonra hər kəs pay torpağında istədiyini əkib-becərmək imkanı qazandı. Elə həmin dövrdən də rayonda kartofçuluq sürətlə inkişaf etməyə başladı. Fermerlər, torpaq mülkiyyətçiləri yaxşı gəlir gətirdiyini görüb kartof əkini sahələrini ildən-ilə genişləndirdilər. 

Cari il Cəlilabadda 3 min 100 hektarda yazlıq kartof əkilib. Hər hektarın məhsuldarlığı 300 sentnerə çatıb. Bu da ümumilikdə 93 min 44 ton kartof deməkdir. Yazlıq 3 min 100 hektarın müəyyən bir hissəsi sellofan örtük altında becərilib. Bu isə kartofun daha tez, yəni aprel ayının ikinci yarısında yetişməsinə şərait yaradıb. 

Erkən yetişən kartof nübar məhsul kimi baha satıldığından fermerlərə yaxşı qazanc gətirir. Bundan sonra açıq şəraitdə yetişdirilən kartofun yığımına başlanılır. Yığımın ilk ongünlüyündə açıq şəraitdə becərilən kartof da fermerləri qane edən qiymətə satılır. Lakin sonra məhsul çoxaldıqca qiymətlər aşağı düşür. Elə il olur ki, fermer müəyyən qədər qazanc əldə edir, elə il də olur ki, xərci borcunu güclə ödəyir. Odur ki, kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluğun da öz xüsusiyyətləri və problemləri var. 

Havalar da bu bitkinin inkişafına, məhsuldarlığına təsirsiz ötüşmür. Digər tərəfdən, əkinçi daha məhsuldar kartof növləri əldə etməkdə müəyyən çətinliklərlə qarşılaşır. Rusiyadan toxumluq kartof alıb gətirən ayrı-ayrı işbazlar onu istədikləri qiymətə satmağa çalışırlar. 

Sahələrin suvarılması zamanı da ortaya problemlər çıxır. Hər kəs artezian quyusu qazdıra bilmir. Əvvəllər yeraltı sular torpağın səthinə yaxın olduğu üçün 5-6, bəzən daha az dərinlikdən su çıxarmaq mümkün idisə, bu iş indi olduqca çətinləşib. 

Lakin ortaya çıxan bu kimi çətinliklər cəlilabadlı fermerləri nə qorxudur, nə də ruhdan salır. Onlar ikinci çörək hesab edilən kartofçuluğa diqqəti azaltmırlar, qeyd etdiyimiz kimi, torpaqdan hətta ildə iki dəfə məhsul götürürlər. Bunun üçün  avqust ayında əkin aparırlar. Yazlıq kartof kimi payızlığa da yüksək aqrotexniki xidmət göstərilir. 

Hazırda məhsul yığılır. 1020 hektar sahədən indiyə qədər 20 min ton kartof tədarük edilib. Məhsuldarlıq hər hektardan orta hesabla 200 sentnerdir. Payızlıq kartof yazlıqdan fərqli olaraq əsasən ölkə daxilində satılır. Fermerlərdən Zahid Ağayev, Mahir İmanov, Elman Mansurov, Səxavət Həsənov və başqaları bol məhsul yetişdirmişlər. 

İndi bir o qalır ki, yazda və payızda yetişdirilən bu qiymətli məhsulları alaraq xüsusi anbarlarda saxlayan, lazım gəldikcə ölkəmizin bazar və dükanlarına verməklə xaricdən aldığımızın minimuma endirilməsini təşkil etmək. Çox təəssüf ki, hələ də heç kəs bu işi öz öhdəsinə götürməmişdir. Amma bu işin vaxtı çoxdan çatmışdır. 

Seyran CAVADOV, 

"Azərbaycan"

Seçilən
91
azerbaijan-news.az

1Mənbələr