ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 noyabr, AZƏRTAC
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Görüşdə AQTA-nın sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, zərərvericinin qışlama yerlərinin aşkarlanması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir.
Bildirilib ki, qəhvəyi mərmər bağacığı qışlama dövründə sığınacaq yerlərində qrup halında toplanır. Məhz həmin dövrdə aparılan hədəfli mübarizə növbəti il üçün mümkün kütləvi artımın qarşısını alan ən təsirli müdafiə vasitəsi hesab olunur. Qışlama mərhələsində həyata keçirilən məhvetmə prosesləri həm populyasiyanın azalmasına, həm də növbəti mövsümlərdə məhsuldarlığın qorunmasına mühüm töhfə verir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.