İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran İsraillə iyundakı 12 günlük müharibə zamanı müttəfiq hesab etdiyi ölkələrdən heç bir dəstək almayıb: "Bizim dostumuz və 12 günlük müharibə zamanı kömək etməli olan bəzi ölkələr bunu etməyib”.
Prezident hansı ölkələri nəzərdə tutur, hansı ölkələrdən dəstək gözləyirdi?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, müsəlman ölkələri arasında İranın strateji tərəfdaşı, yaxın dostu faktiki yoxdur. Bu da İranın siyasəti ilə bağlıdır:
“İranın yürütdüyü siyasət onu müsəlman aləmində dostlardan məhrum edib. Baxmayaraq ki, İran özü islam ölkəsidir. Müxtəlif müsəlman ölkələrində dəstəklədiyi silahlı qruplar, həmin ölkələrlədə yaratmaq istədiyi xaos İranı müsəlman ölkələri ilə müttəfiqlikdən kənarda qoyub: “Türkiyə ilə və bəzi ərəb ölkələri ilə İranın normal münasibətləri var. Amma onları müttəfiq adlandırmaq da doğru olmaz. Onlar İrandan ehtiyat edirdilər, indi də edirlər. Söhbət hazırkı prezident Məsud Pezeşkianla əlaqəli deyil. Pezeşkian islahata meyillidir, ölkəsini dəyişmək istəyir, qonşu ölkələrlə yaxşı münasibətlər qurmağa ümid edir. Azərbaycana da səfərləri olub və Azərbaycanla dialoq içindədir. Amma Prezident İranda həlledici fiqur deyil. Əsas fiqur ali dini liderdir və əsas söz sahibi SEPAH generallarıdır ki, məhz onlar qonşu ölkələrlə münasibətləri korlayıblar. Ona görə də İsrailin İrana qarşı 12 günlük hərbi əməliyyatları zamanı müsəlman ölkələri arasında İrana birbaşa dəstək verən olmadı. İrana görə kimsə İsraillə və ya ABŞ ilə qarş-qarşıya gəlmək istəmədi. Düzdür, Hizbullah, HƏMAS və Husilər kimi müxtəlif qruplar İrana dəstək məqsədilə İsrailə zərbələr endirdilər, amma bu dövlət miqyasında olan proses deyildi”.
E.Şahinoğlunun sözlərinə görə, əslində, İranın əsas tərəfdaşı Rusiya və Çin sayılır:
“Məsud Pezeşkian da şübhəsiz daha çox məhz bu iki dövləti nəzərdə tutur. İran daha çox Rusiya və Çindən ciddi dəstək gözləyirdi. Lakin məlumdur ki, bu ölkələr də İsrailin hücumu zamanı İranı birbaşa müdafiə etmədilər. İrana görə onlar da İsrail ABŞ ilə qarşıdurmaya getmək istəmədilər. Sadəcə tənqidi bəyanatlarla kifayətləndilər. İran da bundan incik düşüb”.
Etibar Seyidağa,
Musavat.com