AZ

Nümunə göstərilən COP29, şikayətlərin bitmədiyi COP30 – Braziliya təşkilatçılıqda necə UĞURSUZ OLDU? – VİDEO

Ötən il bütün dünyanın diqqət mərkəzində olan COP29-la müqayisədə COP30-a beynəlxalq maraq xeyli aşağı səviyyədə idi. Bir çox dünya lideri bu tədbirdə iştirakdan imtina ediblər. Hətta vətəndaş cəmiyyəti nümayəndələri, xüsusən də Afrika ölkələrindən olan nümayəndələr prosesdən kənarda qaldıqlarını bildiriblər.

Bununda başlıca səbəbi COP30-un zəif təşkilatçılığıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan COP-a sədrliyi Braziliyaya TƏHVİL VERDİ – FOTO


Təsadüfi deyil ki, dünyanın nüfuzlu media resurslarında COP30-la bağlı xəbərlərə baxanda bir mənzərə aydın görünür: tədbirdən, iqlim dəyişikliyi ilə mübarizədən daha çox xoşagəlməz hadisələr ön plandadır.

Xüsusilə də dünən baş verən yanğın bəlkə də COP30-un özündən belə daha çox müzakirə olundu. Təbii ki, dünyanın istənilən yerində bu və ya digər səbəbdən yanğının baş verməsi mümkündür. Ancaq ard-arda yaşanan problemlər fonunda dünən baş verən yanğın təşkilatçılıqdakı çatışmazlıqları bir daha üzə çıxardı.


Bir milyard xərc – Bəs nəticə?

Braziliya hökuməti COP30-la bağlı təkcə infrastruktur layihələrinə bir milyard dollar civarında vəsait xərclədi. Amma gözlənilən nəticə əldə olunmadı. Bunun da bir sıra səbəbləri var.

Sky News” nəşri yazır ki, Braziliya hökuməti tədbirin keçirilməsi üçün heç də uyğun şəhər seçməyib:

“Tədbirin keçirildiyi Belemə “yağışlı meşələr şəhəri” deyirlər. Hazırda şəhərdə güclü yağışlar yağır. Üstəlik bölgə yoxsulluğu və sosial bərabərsizliyi ilə seçilir. Şəhərin 2,5 milyon sakininin əksəriyyəti gecəqondularda yaşayır.

Digər bir problemsə ölkənin ən böyük dini festivallarından biri olan “Cirio de Nazare” COP30-la eyni vaxta düşməsidir. Belem küçələri COP30 dövründə ziyarətçilərlə yox, festival iştirakçıları ilə dolu idi.

“Reuters”-in məlumatına görə isə COP30-a qatılması planlaşdırılan təxminən 50 min insan yer çatışmazlığı səbəbindən tədbirdə iştirak edə bilməyib:

“Şəhərdə yer tapmaq o qədər çətin olub ki, bəzi ölkələr hətta Braziliyanı tədbirin yerini dəyişməyə təşviq ediblər. Yerin azlığı qiymətlərin kəskin bahalaşmasına səbəb olub. Hətta ən ucuz otellərdə gecələmək belə yüzlərlə dollara başa gəlir ki, bu da kasıb ölkələrin nümayəndələri üçün problem yaradır.

Bu və digər səbəbdən tədbirə beynəlxalq maraq azdır. Braziliya hökumətinin məlumatına görə 60-dan az lider tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib, halbuki bir il əvvəl Bakıda keçirilən COP29-da 80-dən çox lider iştirak edirdi”.

Azərbaycanın möhtəşəm təşkilatçılığı

Təbii ki, Braziliyanın uğursuzluğu fonunda ötən il Azərbaycanda keçirilən COP29-un necə yüksək səviyyədə təşkil olunduğu bir daha sübut olunur. Hətta COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi təşəkkür barədə qətnamə də qəbul olunmuşdu.

Hər birimiz yaxşı xatırlayırıq, ötən il Azərbaycan ev sahibi kimi tədbirdə yaratdığı tolerant ortamla Qlobal Cənub ilə Şimali bir araya gətirməyi, onları bəşəriyyət üçün önəmli mövzuların müzakirəsinə cəlb etməyi bacardı.


COP29-un müəyyən olunmuş tematik günlərinə əsasən, COP29 Sədrliyi tərəfindən Azərbaycanın aidiyyəti dövlət qurumları və 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə 100-dən çox tədbir təşkil edildi.

Bununla yanaşı, Liderlər Sammiti çərçivəsində 35 yüksək səviyyəli tədbir, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi ilə əlaqədar isə daha 35 tədbir keçirildi.

Qeyd edilən tədbirlərdə 196 dövlətin, həmçinin 150-dən çox dövlətlərarası təşkilat və BMT qurumlarının, eləcə də 2000-dək QHT nümayəndəsi iştirak etdi.

Gələn ziyarətçilərin qarşılanması və yerləşdirilməsi ən yüksək səviyyədə təşkil olunmuşdu. Təhlükəsizlik məsələsi isə sözün həqiqi mənasında qibtə ediləcək səviyyədə oldu. Ziyarətçilərin tədbirin keçirildiyi Olimpiya stadionuna gedişi və tədbirlərə qatılması üçün çox sadə prodsedur yaradılmışdı.
 

Ziyarətçilərin qidalanmasına da xüsusi önəm verilmişdi. Tədbirlərin keçirildiyi ərazidə ziyarətçilərə yerli və dünya mətbəxinin nadir nümunələri təqdim edilmişdi. Təbii ki, ziyarətçilərin otellərdə yerləşdirilməsi xüsusi plan əsasında həyata keçirildi. Üstəlik otellərdə qiymət artımı heç də yüksək olmadı. Ən əsası gələn ziyarətçilərin hamısı Bakıda rahat şəkildə qonaq edildi.


Dünya liderlərinin müsbət təəssüratları

Təşkilatçılığın yüksək səviyyədə təşkili təbii ki, ziyarətçilərin məmnunluğuna səbəb olmuşdu. Sadə insanlar bir yana beynəlxalq təşkilatların, xarici ölkələrin rəhbərləri təşkilatçılığın yüksək səviyyədə olmasını xüsusi vurğulamışdılar.

BMT-nin Baş katibi Antonio Quterreş çıxışında yüksək təşkilatçılığa görə məmnunluğunu ifadə edib:

“Cənab Prezident Əliyevə və eyni zamanda, Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Çox sağ olun. Prezidentlər bizim əməkdaşlığa etibar edə bilərlər”. 

Polşa Prezidenti Andjey Duda Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin səviyyəsinə heyran qaldığını bildirmişdi:
 

"Bakıda bu iqlim sammitinin açılışında iştirak etdiyimə görə çox şadam. Biz onun təşkilindən heyran qaldıq və bununla əlaqədar Azərbaycanı və Ölkə Prezidenti İlham Əliyevi təbrik edirik. Bakıda hər şey mükəmməl təşkil olunub".


Serbiya Prezidenti Aleksandr Vuçiç isə Azərbaycanın getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrildiyini və Serbiyanın bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyini söyləyib.

Təbii ki, COP29-un yüksək səviyyədə təşkili Azərbaycanın iqtisadi-siyasi gücünün və mədəni zənginliyinin təntənəsi idi. Məhz bu səbəbdən COP29 xarici rəsmilər və iqlim fəalları tərəfindən daim müsbət təəssüratlarla xatırlanacaq.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
33
1
bizim.media

2Mənbələr