AZ

Strateji Tərəfdaşlıq Xartiyası üçün Sonata

ABŞ ilə yaradılmış işçi qrupuna Sonata Koulter rəhbərlik edəcək - imzalanma üçün hazırlıqlar başladı

ABŞ və Azərbaycan 8 avqustda Vaşinqtonda keçirilən sammitdə əldə olunmuş razılaşmaların icrası ilə məşğul olacaq birgə işçi qrup yaradıblar. Bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Hukerin sözlərinə görə, onun regiona ilk səfəri avqust razılaşmasının irəlilədilməsi üzrə mühüm mərhələ ilə üst-üstə düşür və bu səfər həmin razılaşmanın həyata keçirilməsi üçün praktiki addımların müzakirəsinə yönəlib - ticarət və enerji əməkdaşlığından tutmuş regional əlaqələrin və təhlükəsizliyin gücləndirilməsinədək.

Dövlət katibinin müavini vurğulayıb ki, həmin danışıqlar və razılaşma ilə bağlı ikitərəfli məsələlərin müzakirəsini səbirsizliklə gözləyir və tərəfləri həm bir-biri ilə, həm də Ermənistanla böyük iş gözləyir. “Bu danışıqları davam etdirəcək işçi qrupunun yaradıldığını elan etməkdən məmnunam. Qrupa ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək. Qrupun əsas məqsədi ABŞ və Azərbaycan arasında Strateji tərəfdaşlıq Xartiyasının hazırlanması olacaq. Bu təşəbbüs Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinin imzalanmasına doğru irəliləyişlə birlikdə ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək, həmçinin Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını üzə çıxarmağa imkan verəcək. Prezidentlər Tramp və İlham Əliyevin rəhbərliyi altında bütün bunların necə həyata keçiriləcəyini görəcəyik”, - deyə o qeyd edib.

ABŞ rəsmisinin açıqlamasını prosesin sürətləndirilməsi kimi qəbul etmək olarmı? İşçi qrupunun yaradılması və fəaliyyətə başlaması razılaşmaların həyata keçməsini tezləşdirəcəkmi?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, işçi qrupunun yaradılması haqqında qərar 8 avqust 2025-ci ildə Ağ Evdə verilmişdi:

abutalb.jpg

“Həmin gün imzalanmış memorandumda açıq şəkildə göstərilirdi ki, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın yaradılması üçün strateji İşçi Qrupu yaradılmalıdır. Yəni qərar 8 avqustda verilmişdi. Bu baxımdan işçi qrupunun artıq yaradılması haqqında dövlət katibinin müavininin söylədikləri prosesi sürətləndirmək kimi qiymətləndirilə bilməz. Artıq bir neçə ay keçib və ümid eləmək olardı Strateji Tərəfdaşlıq haqqında Xartiya yekunlaşmaq üzrədir. İşçi qrupu yaratmaq o qədər böyük zaman və zəhmət tələb eləyən proses deyil. Onu qısa müddətdə də eləmək olar. Ancaq xartiyanın hazırlanması təbiidir ki, bir az zaman tələb eləyən məsələdir. Baxmayaraq ki, bu cür xartiyalar keçmiş sovetlər ittifaqına daxil olan bir neçə respublika ilə artıq imzalanıb və sonuncusu da Ermənistanla Co Baydenin hakimiyyətinin son günlərində imzalandı. Ona bənzər yəqin ki, bir xartiya da Azərbaycanla ABŞ arasında imzalanacaq”.

Siyasi ekspert hesab edir ki, proses sürətləndirilməlidir:

“Hesab edirəm ki, həm Zəngəzur dəhlizi ilə bağlı, həm də xartiyanın imzalanması ilə əlaqədar işlər sürətləndirilməlidir. Çünki prezident Trampın təqribən 3 il prezidentlik müddəti qalıb və o da məlumdur ki, administrasiyalar dəyişəndə bəzən varislik gözlənilmir. Ermənistan Bayden administrasiyası ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzaladı, ABŞ-də yeni prezident seçildi və Vaşinqtona səfər eləyən Ermənistan baş naziri çox soyuq münasibət gördü, demək olar ki, rəsmi şəxslərdən heç biri ilə görüşə bilmədi, vitse-prezidentlə vəziyyətdən çıxmaq üçün ayaqüstü bir görüş keçirmək məcburiyyətində qaldı. Bu səbəbdən Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının mümkün qədər qısa müddətdə imzalanmasına və bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac var. Əgər növbəti ABŞ administrasiyası Demokratlardan təşkil olunsa, demokrat prezident hakimiyyətə gəlsə, onun hansı addımlar atacağı məlum deyil. Demokratlar əsasən Azərbaycana qarşı ədalətsiz mövqe tutmaları ilə fərqləniblər. Tramp son dərəcə enerjili və qətiyyətli bir prezidentdir, qarşısına qoyduğu hədəflərə çatmaq üçün yorulmadan çalışır və çox ciddi hədəflər də qoyub qarşısına. Onun bu enerjisindən, bu qətiyyətindən faydalanmaq zəruridir. Ondan sonrakı prezidentin "mərhəmətinə" qalmamaq üçün Trampın imkanlarından, xarakterindən istifadə eləmək, ABŞ-nin Cənubi Qafqaza daha çox nüfuz etməsinə nail olmaq, eyni zamanda Rusiyanın və İranın təsirinin azalmasına nail olmaq zəruridir. Bu istiqamətdə atılacaq ən mühüm addımlardan biri Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması olacaq. Proses sürətləndirilməlidir və qısa müddətdə Xartiyanın imzalanması təmin olunmalıdır".

Ekspert sonda dedi ki, xartiyanın imzalanması TRAMP marşrutu-Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər.

Onu da qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da açıqlamasında Vaşinqtonda 8 avqust tarixində keçirilən sülh sammitində kommunikasiyaların açılması ilə bağlı əsas prinsiplərin razılaşdırıldığını xatırladıb. Bu prinsiplər arasında ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlıq dayanır. Onun sözlərinə görə, həmin çərçivədə nəzərdə tutulan TRIPP marşrutu (Zəngəzur dəhlizi) Azərbaycanı Naxçıvanla birləşdirəcək, Ermənistanın digər ölkələrlə əlaqələrini genişləndirəcək, bölgəni daha geniş coğrafiyalarla bağlayacaq. Mirzoyan qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi layihəsinin tezliklə reallaşması üçün fəal şəkildə çalışır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
37
musavat.com

1Mənbələr