AZ

ABŞ nəşrindən anti-Azərbaycan sorğusu

“Azərbaycanla sülhə danışıqlar yolu ilə nail olmaq olarmı” sualına verilən 69,2 faiz “xeyr” cavabı kimlərin marağındadır?

“The California Courier” nəşri Ermənistanda keçirilmiş şübhəli sorğunun nəticələrini dərc edib. Nəşr iddia edir ki, sorğu 2025-ci il oktyabrın 5-dən 25-dək “ARAR” Sivilizasiyalar Araşdırmaları Fondu tərəfindən keçirilib. Sorğuda respodentlərdən Ermənistandakı iqtisadi vəziyyət, Nikol Paşinyan hökumətinin xarici siyasəti, Azərbaycanla sülhə münasibət öyrənilib. Sorğunun nəticələrinə görə, respondentlərin 62.7 faizi Paşinyanın xarici siyasətini düzgün hesab etməyib.

“Azərbaycanla sülhə danışıqlar yolu ilə nail olmaq olarmı” sualına 30,5 faiz respondent “bəli” desə də, 69,2 faiz “xeyr” cavabını verib.

Nəşrin xəbərinə görə, Paşinyanın artıq konstitusiya layihəsini hazırlayan komissiyanı yaratmaq təşəbbüsü ilə çıxış etdiyi bir vaxtda respondentlər bunun da əleyhinə olublar və 61,3% konstitusiya dəyişikliyini dəstəkləməyəcəyini bildirib.
Nəşr daha sonra iddia edir ki, bu, Paşinyan üçün ciddi problem yaradır. Çünki baş nazir Azərbaycanı yalnız konstitusiya dəyişiklikləri etməklə razı salmağa çalışır. Bunun üçün isə referendum keçirilməlidir.

İctimai fikrin konstitusiya dəyişikliklərinin əleyhinə olması göstərir ki, Paşinyan gələn il keçiriləcək parlament seçkilərində qalib gəlsə belə, referendum uğursuz olacaq və bu, nəinki Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması perspektivlərini poza, həm də Paşinyanın istefaya göndərilməsi ilə nəticələnə bilər.

Sorğunun təqdimatı göstərir ki, “ARAR”ın gizli məqsədi ictimai rəyə onun ümummilli sorğu kimi təqdim edilməsi və ictimai rəyə çaşdırıcı məlumat ötürülməsidir. Çünki sorğunun nəticələrini dərc edən “The California Courier” nəşrində respondent sayı göstərilmir, yalnız faizlər yazılır.

Bu isə onu deməyə əsas verir ki, həm fond, həm də nəşr bilərəkdən yanlış məlumat yayır, Ermənistanda mövcud qarşıdurma fonunda kilsəyə etimad göstərilməsini ictimai fikrə təlqin edirlər.

“The California Courier” 1958-ci ildən dərc edilən ingilisdilli erməni həftəlik qəzetidir. ABŞ nəşrinin antisülh və anti-Azərbaycan sorğusunun dərci necə qiymətləndirilə bilər?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, ABŞ-də ingilisdilli erməni nəşri olan “The California Courier” tərəfindən yayımlanan və erməni cəmiyyətindəki real ictimai rəyin təhrifinə xidmət edən bu sorğu əslində antisülh və anti-Azərbaycan təbliğatının növbəti elementidir:

gunay-agamali-1.jpg

“Sorğunu keçirən "ARAR" Sivilizasiyalar Araşdırmaları Fondunun açıqladığı nəticələrdə respondent sayının gizlədilməsi, informasiyanın yalnız faiz göstəriciləri ilə manipulyativ şəkildə təqdim olunması bunun əvvəlcədən planlaşdırılmış “siyasi mesaj” xarakteri daşıdığını açıq şəkildə göstərir. Bu cür qeyri-şəffaf, mənbə etibarlılığı şübhəli olan “sorğular”ın məqsədi Ermənistan daxilindəki daxili gərginlik fonunda ictimai fikri çaşdırmaq, Paşinyan hakimiyyətinə qarşı yönələn narazılıqları manipulyasiya etmək və eyni zamanda Azərbaycanı hədəfə alan yanlış təsəvvürlər yaratmaqdır. Halbuki Ermənistan cəmiyyətindəki böhran, hakimiyyət-kilsə və ictimai-siyasi dairələr arasındakı qarşıdurma dərinləşdikcə, belə manipulyativ alətlər vasitəsilə məsuliyyəti xarici faktorların üzərinə atmaq cəhdləri daha da artır. Sorğunun mətni göstərir ki, əsas məqsəd Ermənistanın konstitusiya dəyişiklikləri məsələsində də ictimai rəyi yönləndirmək və bu addımı Azərbaycanın tələb kimi təqdim edirmiş kimi qələmə verməkdir. Halbuki Azərbaycan tərəfinin mövqeyi tam aydındır. Sülhün təmin olunması üçün Ermənistan beynəlxalq hüquqa əməl etməli, terroru maliyyələşdirməyə son qoymalı və regionu gərginliyə sürükləyən revanşist ritorikanı dayandırmalıdır. Azərbaycanın heç bir ölkənin daxili siyasi proseslərinə müdaxilə etmək kimi hədəfi yoxdur. Müşahidə olunan fakt budur ki, Ermənistan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına qarşı yaradılan süni müqavimət koordinasiyalı şəkildə xaricdən və daxilindəki radikal dairələrdən qaynaqlanır. ABŞ-də fəaliyyət göstərən bəzi erməni lobbi qrupları isə bu narazılıq dalğasından istifadə edərək regionda sülh prosesini pozmaq üçün məqsədli şəkildə saxta məlumatlar yayırlar. Onların əsas məqsədi məhz gələn il keçiriləcək parlament seçkilərində Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır.

Azərbaycan hər zaman olduğu kimi, yalnız Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və tərəqqinin tərəfdarıdır. Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti nəticəsində formalaşan yeni regional reallıq hər kəsə məlumdur və bu reallığı heç bir manipulyativ sorğu, təxribat xarakterli məqalə və yaxud separatçı lobbilərin cəhdləri dəyişə bilməz.

Bir daha qeyd etmək istərdim ki, belə saxta sorğuların məqsədi təkcə ictimai rəyi çaşdırmaq deyil, həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olmaqdır. Lakin artıq bölgədə söz sahibləri emosional bəyanatlar və manipulyativ “sosioloji araşdırmalar” deyil, real siyasi iradə və konstruktiv yanaşmadır. Azərbaycan güclü dövlətdir və regionda sülhün təmin olunması istiqamətində prinsipial mövqeyini davam etdirəcək".

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, ABŞ-də ingilisdilli erməni auditoriyasına xitab edən “The California Courier” nəşrinin təqdim etdiyi sorğu həm metodoloji baxımdan, həm də siyasi məqsədləri etibarilə ciddi suallar doğurur:

zuriye-qarayeva.jpg9799c2621.jpg

“Sorğunun nəticələri Ermənistan cəmiyyətində Azərbaycanla sülhə qarşı yüksək neqativ münasibətin mövcud olduğu təsəvvürünü yaratmağa hesablanıb, lakin təqdimat forması onun obyektivliyini şübhə altına qoyur.

Əvvəla, nəşrdə sorğunun ən vacib texniki göstəricisi - respondentlərin ümumi sayı göstərilmir. Sosioloji araşdırmada iştirakçıların sayı, seçmə metodologiyası, yaş və region üzrə bölgü açıqlanmayanda təqdim olunan faizlər elmi və ictimai etibarlılıq daşımır. Bu isə sorğunun məqsədli şəkildə manipulyativ xarakter daşıdığı ehtimalını artırır. Sorğunu keçirən “ARAR” fondunun fəaliyyəti və şəffaflıq səviyyəsi də əlavə suallar yaradır; təşəbbüsün Ermənistanın daxili siyasi böhran fonunda dövriyyəyə buraxılması isə təsadüfi görünmür. Sorğunun nəticələri iki əsas hədəfə xidmət edir. Birinci hədəf - Ermənistan daxilində “Azərbaycanla sülh mümkün deyil” atmosferi yaratmaq, ictimai rəyi radikallaşdırmaq və Paşinyanın sülh istiqamətli addımlarını zəiflətməkdir. İkinci hədəf - konstitusiya dəyişikliyi prosesinə etimadsızlıq yaratmaqla siyasi sistemi dərin gərginliyə salmaqdır. Sorğunun sülh danışıqlarına 69 faiz “xeyr” cavabı təqdim etməsi Ermənistanda revanşist qüvvələrə legitimlik axtarmaq cəhdi kimi görünür. “The California Courier”in xəbəri həm də xarici auditoriyada Ermənistan cəmiyyətinin “sülhə hazır olmadığı” obrazını möhkəmlətməyə yönəlib. Bu narrativ anti-Azərbaycan ritorikasını gücləndirməklə yanaşı, iki ölkə arasında normallaşma səylərinə siyasətçi və ictimai təsir yaratmaq məqsədi güdür. Sorğunun nəticələrinin şişirdilməsi və kilsəyə etimadın ön plana çıxarılması da daxili güc mərkəzləri arasında balansı dəyişdirmək üçün informasiya mühəndisliyi təəssüratı yaradır. Bu səbəblərdən nəşrin dərc etdiyi sorğu obyektiv ictimai rəy ölçümü kimi deyil, müəyyən siyasi dairələrin anti-sülh və anti-Azərbaycan mövqeyini legitimləşdirməyə xidmət edən manipulyativ informasiya aləti kimi qiymətləndirilə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
43
musavat.com

1Mənbələr