BAKI, 21 noyabr. TELEQRAF
Bakıda keçirilən D-8 Media Forumunda Media Əməkdaşlığı üzrə Bakı Bəyannaməsinin qəbul edilməsi təklif edilib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının İnformasiya və Yayım üzrə federal naziri Attaullah Tarar Bakıda keçirilən D-8 Media Forumunda çıxışında deyib.
O böhran reportyorluğu, rəqəmsal forensika və dezinformasiyaya qarşı mübarizə üzrə birgə təlim və seminarların keçirilməsini təklif edib:
“Bizə ümumi fakt-yoxlama mexanizmi lazımdır. Təklif etdiyim Media Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi gələcək üçün yol xəritəsini müəyyənləşdirə, bütün üzv dövlətlərin üzərində razılığa gələ biləcəyi bir çərçivə yarada bilər və D-8 ölkələri arasında media əməkdaşlığının gücləndirilməsi üçün başlanğıc nöqtəsi ola bilər.
Bakı Bəyannaməsi D-8 ölkələrinin media mütəxəssisləri və media qurumları üçün irəliyə doğru yön göstərən bir sənəd ola bilər. Həmçinin, D-8 Media Forumunun sosial media hesablarının yaradılmasını təklif edirəm. Bu platformalar vasitəsilə üzv ölkələr iqtisadi inkişaf, xalqların rifahının yüksəldilməsi, islamofobiyaya qarşı mübarizə, terrorizmə qarşı mövqe və ölkələrimizin ortaq inkişafına dair narrativləri dünya ictimaiyyətinə çatdıra bilərlər.
Üzv dövlətlərimiz birgə bilik, koordinasiya olunmuş strategiyalar və ortaq təşəbbüslərdən böyük fayda əldə edə bilərlər. Azərbaycanın hökuməti tərəfindən Media Mükəmməlliyi Mərkəzinin yaradılmasını yüksək qiymətləndirir və bu addımı alqışlayırıq. Bu təşəbbüsdə tam əməkdaşlıq etməyə hazırıq və media nazirlikləri ilə media mütəxəssislərindən ibarət birgə işçi qrupunun yaradılmasını təklif edirik. Bu qrup təcrübə mübadiləsini daha tez-tez və davamlı şəkildə həyata keçirmək üçün hətta virtual formatda – videokonfrans vasitəsilə – mütəmadi toplanmalıdır”.