AZ

İran yenə Nizami Gəncəvini “özününküləşdirdi”

Dahi şairlə bağlı həqiqəti bilərəkdən təhrif etmək mədəni irsimizə qarşı yönəlmiş ideoloji kampaniyanın tərkib hissəsidir

İran tərəfinin təşəbbüsü ilə İrəvandakı qədim Azərbaycan mədəni irsi olan Göy məsciddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında hazırlanmış “Xosrov” tamaşasının nümayişi yeni narazılıq dalğası doğurub. Erməni və fars dillərində səhnələşdirilən tamaşa İranın “Təndis” İncəsənət Qrupu tərəfindən təşkil olunub və İCRO-nun məlumatına görə, 10 gün ərzində Ermənistanda göstəriləcək.

Tədbirin özündən çox, onun ətrafında qurulan ideoloji manipulasiya diqqət çəkir. İran rəsmiləri İrəvandakı çıxışlarında Nizami Gəncəvini növbəti dəfə “İran şairi” kimi təqdim ediblər. Bu, Tehranın uzun illərdir sistemli şəkildə apardığı mədəni sahiblənmə siyasətinin növbəti təzahürüdür. İran tərəfi hər dəfə iddia edir ki, guya Nizami “fars dilində yazdığı üçün” İran ədəbiyyatının nümayəndəsidir. Bu arqument həm tarixi faktlar, həm də Nizaminin öz yaradıcılığında açıq şəkildə ifadə etdiyi kimlik göstəriciləri ilə tam ziddiyyət təşkil edir.

606aa8dd915f3.jpg

Nizami Gəncəvinin poetik irsində etnik mənşə ilə bağlı heç bir mübahisəyə yer qoymayan fikirlər mövcuddur. “Xosrov və Şirin”də onun yazdıqları xüsusilə diqqətəlayiqdir:

“Türklüyüm bu həbəşdə heç getmir,
Dadlı dovğaya xalq meyl etmir".

Burada da farslığım və ya kürdlüyüm deyil, türklüyüm deyir...

Bu misralar Nizaminin öz milli kimliyini necə müəyyənləşdirdiyini aydın göstərir. İranın və Ermənistanın bu gerçəkliyi bilərəkdən təhrif etməsi həm tarixin saxtalaşdırılması, həm də Azərbaycan mədəni irsinə qarşı yönəlmiş ideoloji kampaniyanın tərkib hissəsidir.

Qərb ədəbiyyatşünaslığı da uzun müddət Nizamini fars ədəbi ənənəsi ilə eyniləşdirib. Səbəb çox sadədir: əsərlərinin fars dilində yazılması. Halbuki bu, XII əsr region ədəbiyyatının ümumi kontekstindən irəli gəlirdi. O dövrdə saray ədəbiyyatı farsca idi və çoxsaylı türk mənşəli mütəfəkkirlər - Firdovsiyə nəzirə yazanlar, Səlcuq sarayının alimləri, sufi təriqət rəhbərləri məhz bu dildə yaradırdılar. Dillə mənsubiyyətin eyniləşdirilməsi orta əsrlər Şərq ədəbiyyatına tamamilə yanlış yanaşmadır.

Nizami özü doğma yurdunu və mənsubiyyətini dəfələrlə vurğulayıb. “Sirlər xəzinəsi”ndə açıq şəkildə yazır: “Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır...”

O dövrdə “İraq” termini Bağdad xilafətinin mərkəzi bölgələrini ifadə edirdi. Nizami bununla özünün Gəncə sakini, Qafqazın Türk dünyasına mənsub şairi olduğunu qeyd edirdi.

İranın Nizami irsini mənimsəmək cəhdləri yeni deyil. Tehranın mədəni ideologiyasında Azərbaycan türklərinin tarixi şəxsiyyətlərini “farslaşdırmaq” siyasəti onilliklərdir davam edir. Seyid İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mahmud Şəbüstəri, Xaqani Şirvani və digər klassiklər də eyni yanaşmanın hədəfinə çevrilmişdi. Bu addımlar İranın bölgədəki geosiyasi ambisiyalarının mədəni ideologiya ilə tamamlanması kimi qiymətləndirilir.

İrəvanda - tarixən Azərbaycana məxsus Göy məsciddə İranın belə bir tamaşanı nümayiş etdirməsi əlavə mesajdır. Ermənistan uzun illərdir Azərbaycanın mədəni irsini erməniləşdirməyə çalışır, İran isə bu prosesə öz versiyasını əlavə edir. Nəticədə, iki tərəfin bir nöqtədə - Azərbaycan irsini təhrif etməkdə "ortaq marağı" formalaşır. Tamaşanın məhz İrəvanda, Azərbaycan mədəniyyətinə aid bir abidədə təqdim olunması, üstəlik, Nizaminin kimliyinin dəyişdirilərək farslaşdırılması həm siyasi mesaj, həm də təxribat xarakteri daşıyır. Bu, təkcə ədəbiyyat mübahisəsi deyil - regionda mədəni-siyasi nüfuz savaşının davamıdır.

Xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O bildirib ki, Nizaminin poeziya dili kimi farsca yazması onun Azərbaycan şairi olduğunu inkar etmir. S.Rüstəmxanlının sözlərinə görə, Nizami yaşayan dövrdə Gəncənin ətrafı və Gəncənin özü artıq göytürklərlə dolu idi:

sabir_u52gou2.jpg

"Bura bir türk yurdu idi. Əvvəllər də bu ətraflarda türklər yaşayıblar. Amma səlcuqlar və ondan əvvəlki müəyyən köç dalğaları ilə artıq Gəncənin ətrafı başdan-başa türk yurdu idi, millət türkcə danışırdı. Düzdür, farslar da, farsca yazanlar da var idi. Hələ məlum deyil, bəlkə Nizaminin türkcə də şeirləri var. Bu, mübahisəlidir. O, türkcə də yazıb. Nizaminin fars şairi olması iddiası cəfəngiyyatdır. Onun əsərləri başdan-başa türk sevgisi ilə doludur. Nizamiyə Dərbəddən bir kəniz göndərmişdiləri ki, ona qulluq etsin. Amma o kəniz bir qıpçaq türkü, türk qızı idi. Nizami onu kəniz kimi qəbul etmədi, özünə həyat yoldaşı seçdi. Həmin türk qızından bir oğlu oldu. Nizami o kənizlə hansı dildə danışırdı? Nizami Gəncəvi türklüyün aşiqi idi. Hansı poemasını götürsəniz, başdan-başa Türk dünyası ilə qürur duymaq hissi, türklük sevdası orada hakimdir. Ona görə də Nizamini fars şairi edə bilməzlər. Nizami fars dilində yazıb, qoy bunu İran da qeyd etsin, İran da onu sevsin. Amma dünya tədqiqatçılarının hamısı bilirlər ki, Nizaminin fars dili Firdovsinin fars dilindən fərqli idi. Bu dil türk dilinin təsiri altında olan dildir və bu dildə xeyli türk sözləri var. Bunlar hamısı Nizaminindir. Bugünlərdə sosial mediada yenə bir erməni cəfəngiyyatı qarşıma çıxdı. Müəllif köhnəlmiş iddia ilə yenə dahi Azərbaycan şairi Nizami Gəncəvini fars şairı sayır və belə hesab edir ki, “Xosrov və Şirin” poemasının qəhrəmanı Şirin erməni qızıdır. Yəni Şirin ermənidirsə, onun yaşadığı Ərməniyə də Ermənistandır. Halbuki poemada anası ona öyüd verərkən Şirinin türklüyünə açıq işarə edir: "O (yəni Xosrov) Keyxosrovdur, sən Əfrəsiyabsan". Əfrasiyabın miladdan öncə, 7-6-cı əsrlərdə Turan hökmdarı və sərkərdəsi olması elmi ədəbiyyatda inkaredilməz bir şəkildə əksini tapıb. Ermənilərin böyük ədəbiyyat adamları, o cümlədən Marietta Şaginyan Nizaminin Azərbaycan şairi olmasını ciddi dəlillərlə sübut edən ədəbiyatşünas alimlərdən biri olub".

Ədəbiyyatşünas Seyfəddin Hüseynli “Yeni Müsavat” bildirib ki, dil məsələsinə görə bir yazıçının hansı xalqa mənsubluğunu təyin etmək doğru yanaşma deyil. Onun sözlərinə görə, həmin dövrdə bütün Yaxın və Orta Şərqdə fars dili poeziya dili hesab olunurdu:

1751092199_295935_b2q4fw2rrq.jpg

“Nizami Gəncəvi də öz dövrünün övladı kimi o dildə yazıb yaradıb. Lakin onun türk şairi olmasını sübut edən tutarlı arqumentlər var. Xüsusən də onun əsərlərində istifadə etdiyi saysız-hesabsız türk sözlərini göstərmək olar. Müxtəlif türk mənşəli kəlmələrdən tez-tez istifadə edirdi. Məsələn, gözəl qadını "türk kimi gözəl xanım", igid oğlanı “türk kimi igid” deyə tərif edib. Dəfələrlə qeyd edib ki, yaxşılıq türk xislətidir. Nizami türk soyuna bağlı olmasaydı, bütün yaxşı və üstün cəhətləri türklərə aid etməzdi. Nizami öz oğlu ilə bağlı Allaha dua edərkən deyir: “İlahi, bu türk balasını xilas et, ona uğur nəsib et”. Belə nümunələr çoxdur. Ancaq Nizami Gəncəvi ilə bağlı iddialar hər zaman olub. Nizami türklərin, türkmənlərin say və nüfuz baxımından üstün olduğu Gəncədə doğulub və bunu özünə imza kimi götürüb. Onun Gəncəli və türkliyə böyük rəğbətinin olduğu faktdır. Bu qədər faktları görməzliyə vurub onu fars şairi kimi qələmə vermək böyük qəbahətdir. Lakin zamanla bu iddialar olur. Şərqdə farsca yazmış ədiblərimizi Avropa alimlərinin özləri də fars ədəbi nümayəndələri kimi təqdim ediblər".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Seçilən
52
musavat.com

1Mənbələr