AZ

10 ayın makroiqtisadi göstəriciləri müsbətdir

Qeyri-neft-qaz sektoru üzrə əlavə dəyər istehsalında 3,1, əhalinin gəlirlərində 8,1 faiz artım müşahidə olunub

Zəfərimizin 5 ilinin tamam olduğu 2025-ci ilin 10 ayı geridə qalıb. Həmçinin müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi, bir sıra məlum səbəblərlə bağlı dövlətimizin beynəlxalq nüfuzunun daha da artması, eləcə də Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin və keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönmələrinin davam etməsi ilə yaddaqalan bu dövrdə ölkəmizin sosial-iqtisadi inkişafı da davam edib.

Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-oktyabr aylarına olan məlumatına görə, ölkə üzrə 106,4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,1 faiz artmış, neft-qaz sektorunda 2,1 faiz azalmışdır. 

DSK-nın məlumatına görə, hesabat dövründə ÜDM-in 34 faizi sənaye, 10,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 6,5 faizi tikinti, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 20,9 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 10392,6 manat əlavə dəyər düşmüşdür.    

10 ay ərzində ölkə üzrə 52,6 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri-neft-qaz sektorunda 4,9 faiz artmış, neft-qaz sektorunda 2,2 faiz azalmışdır. Sənaye məhsullarının 60,8 faizi mədənçıxarma, 32,8 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 4,6 faiz azalmış, əmtəəlik qaz hasilatı 1,7 faiz artmışdır. 

Emal sektorunda əczaçılıq məhsulları istehsalı 2 dəfə, kompüter, elektron və optik məhsullarının istehsalı 98,4, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,1, toxuculuq sənayesi məhsullarının istehsalı 26,1, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,6, tütün məmulatlarının istehsalı 11,2, qida məhsullarının istehsalı 9,5, kimya sənayesi məhsullarının istehsalı 8,4, neft məhsullarının istehsalı 0,9 faiz artmışdır. 

Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 1 və 5,4 faiz. 

Dövlət Statistika Komitəsininn açıqlamasına görə, cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 milyard 830 milyon manat vəsait yönəldilmişdir. Bu, 2024-cü ilin müvafiq dövründəkindən 1,3 faiz çoxdur. İstifadə olunmuş ümumi vəsaitin 50,6 faizi məhsul istehsalı və 32,8 faizi xidmət obyektlərinin, 16,6 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 77,5 faizi daxili sərmayələr olan vəsaitin 77,5 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalmış, qeyri-neft-qaz sektoruna sərf edilən vəsaitin həcmi isə 6 faiz artmışdır.   

Sosial sahəyə - cari ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə bu göstərici 2024-cü ilin eyni dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə 10 ay ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 73,7 milyard manata çatmışdır. 

DSK-nın hesabatında həmçinin bildirilir ki, 10 ayda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 52 milyard 615,7 milyon manatlıq məhsul satılmış, 11 milyard 867,1 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,8, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 9,2 faiz artmışdır. 

Yanvar-oktyabr aylarının nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 3 milyard 120,5 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 71,6 faizindən əhali istifadə etmişdir. Bu aylar ərzində göstərilən xidmətlərin həcmi 8,5 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 83,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda isə  göstəricilər belədir: ötən 10 ayda ölkə üzrə 198,3 milyon ton yük, 1,7 milyarddan çox sərnişin daşınmışdır ki, bu da 2024-cü ilin eyni dövründəkindən yük daşınması üzrə 2,3, sərnişin daşınması üzrə 5,3 faiz çoxdur.   

İstehlak qiymətlərinə gəldikdə, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri 105,7, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 106,9, qeyri-qida malları üzrə 102,6, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 106,6 faiz olmuşdur. 

  

 "Azərbaycan"

Seçilən
54
azerbaijan-news.az

1Mənbələr