AZ

Lənətlik “Freedom House” şər-böhtan motalına oxşayır

Adı lənətlə xatırlanan bu qurum Azərbaycana qarşı həmişə qərəzli mövqe tutub və bunu gizlətməyib. Qurumun üzvləri Birinci və İkinci Qarabağ mühariləri dövründə işğalçı Ermənistana açıq formada yardım göstərirdilər. Buna dair onlarla fakt gətirə bilərik. Bədxahlar Azərbaycan ərazilərinin qoparılmasında və müstəqilliyini itirməsində maraqlarını nümayiş etdirirdilər. Ona görə də ölkəmizdə ən kiçik və o qədər də əhəmiyyəti olmayan bir məsələni şişirdib beynəlxalq hüquq pozuntusu kimi qələmə verməyə cəhd göstərirdilər. Halbuki təşkilatı yaradanlar dünyada demokratiyanı və insan haqlarını müdafiə etmək, həmçinin siyasi və mülki azadlıqların vəziyyətini araşdırmaq üçün fəaliyyət göstərir. Onu da qeyd edək ki, “Freedom House”, yəni “Azadlıq Evi” 1941-ci ildə tanınmış ictimai xadimlər Eleanor Roosevelt və Wendell Willkie tərəfindən nasizmə qarşı mübarizə aparmaq və Amerika dəyərlərinə təhlükəyə qarşı maarifləndirmək məqsədilə yaradılıb.

Göründüyü kimi, qurum bəşəriyyətin Hitler dəhşətlərindən xilas edilməsi məqsədi ilə yaradılıb. Lakin sonradan o cür xeyirxah missiya elə adamların əlinə keçib ki!

Bir dəstə fırıldaqçının yığışdığı “Freedom House” utanmadan növbəti hesabatında da ölkəmizi hədəf alıb. Təşkilatın rəsmi saytı xəbər verir ki, yeni hesabatda iddia edilir ki, “Azərbaycan hökuməti müntəzəm olaraq internet bağlantılarını məhdudlaşdırır və hökuməti tənqid edən media orqanları da daxil olmaqla veb saytları bloklayır”.

Hətta Rusiyanın bəzi anti-Azərbaycan mövqeli xəbər agentliyinin və saytlarının bloklanması da “Freedom House”un xoşuna getməyibvə bunu bizə canıyananlıqdan demir. Ən maraqlısı isə xaricdəki ədəbsiz "söyüş müxalifəti"i üzvlərinin Azərbaycan Baş Prokurorluğuna çağırılmasına reaksiyadır. “Freedom House” bütün humanist prinsiplərinə arxa çevirərək dövlət əleyhinə çağırışlar edənləri, əsassız böhtan atanları, dövlətin yüksək səviyyəli nümayəndələrini küçə söyüşləri ilə təhqir edənləri “hökuməti tənqid edən şəxslər” adlandırır, bunu “təzyiq kimi qiymətləndirməkdən” belə utanmır. Azərbaycan xalqının ənənələrini ayaqlar altına atanları müdafiə etmək elə tərbiyəsizlərə qoşulmaqdır. Çünki müqəddəs hiss bunlara yaddır.

“Freedom House” Azərbaycanı qaralamaqla kifayətlənməyərək həm də düşmənlərimizin mövqeyindən çıxış edir.“ 1994-cü ildən de-fakto müstəqillik əldə etmiş etnik erməni anklavı” adlandırdığı işğala haqq qazandırıb, erməni əhalinin könüllü köçüb getməsində yenidən Bakını günahlandırmağa çalışıb. Yəqin İrəvan konyakı freedomçularda erməni separatçılara “dərin” sevgi aşılayıb. Ona görə də daim bizə dəstək verən qardaş Türkiyəyə də qara yaxmaqdan əl götürməyib.

Bir sözlə, yalançı hesabatda Türkiyə də hədəfə alınıb. Bildirilir ki, “ölkə rəsmilərinin tələbi ilə çoxsaylı sosial media hesabı bloklanıb və ya fəaliyyəti dayandırılıb”. Yalandır, özü də qıp-qırmızı. Görün gopologiya müəllifləri daha hansı böhtaş yaymağa cəhd ediblər: “Bununla bağlı həbsdə olan prezidentliyə namizəd və yüz minlərlə izləyicisi olan İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun ofisinin hesabına giriş bağlanıb”.

Gördüyünüz kimi, “Azadlıq Evi”nin əməkdaşları bir ağacda oturub min budaq silkələməklə məşğuldur. 

“Freedom House” iddia edib ki, Ermənistanda “məhdud veb-sayt bloklanıb”. Ermənistanla bağlı bölümdə də Azərbaycan hədəf alınıb. “Ermənistanın son illər Azərbaycanın hərbi təzyiqindən ciddi şəkildə təsirləndiyi” qeyd edilib. Halbuki Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra anklavda qalan dörd kəndinin boşaldılmasını tələb edir. Həm də bunu silahla, təhdidlə deyil, danışıqlar yolu ilə həll etmək istəyir. Bəyəm buna ixtiyarı yoxdur?  Ermənilər arxalı köpəklər deyillərmi, onları müdafiə edənlər azdırmı? İkincisi, bəs Ermənistan iyirmi səkkiz il müddətində Azərbaycanın rayonlarını işğalda saxlayıb məscidlərimizi, məktəblərimizi, xəstəxanalarımızı və s. darmadağın edəndə, varidatımızı vəhşiliklə talayıb aparanda “gözü və qulağı həmişə açıq” freedomçular bu cinayətləri görəndə niyə etiraz səslərini çıxarmırdılar? Əksinə, onlar müharibənin gedişində də Ermənistana maddi yardım edirdilər. Bu, hansı prinsipə uyğundur: desinlər.

Beləliklə, “Freedom House” özü öz imicini korlayaraq heç bir beynəlxalq standarta, hamılıqla qəbul olunan qayda-qanunlara məhəl qoymayan başınabuyruq bir quruma çevrilib. Belələrinin kimdənsə nəsə tələb etməsi düxgündürmü? Əlbəttə, yox. Son hesabat da onu göstərir ki, təşkilat Azərbaycana qarşı qərəzli yanaşmanı ardıcıl olaraq inadkarlıqla davam etdirir. “Freedom House”un qeyri-obyektiv və saxta rəylərə güvənərək qərəzli hesabatlar hazırlaması bu təşkilatın çirkli siyasi oyunlarda iştirakını bir daha təsdiqləyir.

Görəsən yalanların, böhtanların, şər-şəmətaların arxasınca düşüb onların yaylmasına milyonlar axıdan bu qürumun rəhbərləri nə vaxt ağıllanacaq, gicbəsər əməllərindən xəcalət çəkib düz yola qayıdacaqlar? Yoxsa qozbeli qəbir düzəldəcək?

Vəli İlyasov, “İki sahil”

Seçilən
66
ikisahil.az

1Mənbələr