AZ

Qlobal saytların çökməsi:"Cloudflare" nasazlığının pərdəarxası

Rəqəmsal dünyanın sabahını qorumaq yalnız texniki tədbirlərlə deyil, insanın düşüncə, adaptivlik və psixoloji hazırlığı ilə mümkündür

Bu günlərdə "Cloudflare" şəbəkəsində qeydə alınan genişmiqyaslı nasazlıq bir daha göstərdi ki, müasir internet sistemi düşündüyümüzdən qat-qat həssasdır. Dünyanın müxtəlif bölgələrində milyonlarla istifadəçi saatlarla qlobal saytlara daxil ola bilmədi, bəzi platformalar tam dayanma həddinə çatdı, elektron ticarət əməliyyatlarından tutmuş bank tranzaksiyalarına, logistika və xidmət sektoruna qədər bir çox sahələrdə ləngimələr müşahidə olundu. Hadisə sırf texniki problem kimi görünsə də, əslində rəqəmsal dünyanın təməlinin hansı incə mexanizmlər üzərində dayandığını və bu mexanizmlərin nə qədər böyük risk daşıdığını aydın göstərdi. İnternetin aparıcı hissəsinin "Cloudflare" kimi iri şəbəkələrə güvənməsi onun güclü tərəfi olduğu qədər, kütləvi nasazlıq baş verəndə zəif nöqtəsinə çevrilir.

Domino effekti…

Nasazlığın səbəbilə bağlı ilkin məlumatlar göstərdi ki, problem "Cloudflare"in marşrutlaşdırma sistemində aparılan texniki dəyişikliklərin gözlənilməz zəncirvari reaksiyaya yol açmasından qaynaqlanıb. İnternetin qlobal ölçüdə işləkliyini təmin edən interkonektivlik mexanizmləri çox mürəkkəb balans üzərində qurulub. Hansısa konfiqurasiya səhvi bu balansı pozduqda, trafik özünüqoruma rejiminə keçir və zərərli görünən sorğuları bloklamağa başlayır. Nəticədə internetin müəyyən seqmentləri sanki öz daxilində qapanır, xarici trafiki qəbul etmir və bu, milyonlarla istifadəçini eyni anda təsirləndirir.

Şəbəkə mühəndisləri bildirirlər ki, belə halların çoxu "Border "Gateway Protocol (BGP) marşrutlaşdırma protokolundakı yeniləmələrdən sonra yaranır. BGP internetin real-vaxt xəritəsini qurur, paketlərin hansı marşrutla hərəkət etməli olduğunu müəyyənləşdirir. Buradakı kiçik bir uyğunsuzluq belə yalnız bir şirkəti deyil, bütöv internet arxitekturasını silkələyə bilər. İnfrastrukturun yüksək dərəcədə mərkəzləşməsi problemi də məhz burada özünü açıq şəkildə göstərir.

Görünməz mühərrik…

"Cloudflare"-in qlobal internetdə oynadığı rolun mahiyyətinə nəzər salanda baş verənlərin miqyası daha yaxşı anlaşılır. Adətən istifadəçilər interneti brauzer və saytlar üzərindən görürlər, lakin bu xidmətlərin arxasında çalışan böyük şəbəkə operatorları var ki, "Cloudflare" onların ən irilərindən biridir. Dünyanın onlarla ölkəsində yerləşən məlumat mərkəzləri vasitəsilə şirkət hər gün milyardlarla sorğunu emal edir, saytların sürətini artırır, təhlükəli trafiki neytrallaşdırır, DDoS hücumlarını dəf edir, kontentin ən əlverişli marşrutla istifadəçiyə çatmasını təmin edir.

Yəni "Cloudflare" görünməyən, lakin internetin ritmini tənzimləyən mühərrik kimidir. Bu mühərrik dayananda isə təkcə bir platforma deyil, bütöv xidmət zənciri iflic vəziyyətinə düşə bilər. CDN, DNS və təhlükəsizlik modullarının eyni ekosistemdə birləşməsi şirkəti çoxsaylı qlobal sistemlərin ortaq dayağına çevirir. Buna görə də texnologiya nəhəngləri, maliyyə qurumları, media şirkətləri və dövlət strukturları da daxil olmaqla minlərlə kritik xidmət birbaşa "Cloudflare"ə bağlıdır. Bu bağlılıq rəqəmsal təhlükəsizliyi daha sistemli etmiş olsa da, eyni zamanda, ciddi nasazlıq zamanı domino effekti yaradan struktur asılılığı formalaşdırır.

İnternetin mərkəzləşməsi riskləri artırır

Hadisənin diqqət çəkən tərəflərindən biri də budur ki, rəqəmsal xidmətlərin mərkəzləşməsi son illərdə görünməmiş səviyyəyə çatıb. 1990-cı illərin interneti daha çox, bir-birindən nisbətən müstəqil çoxsaylı lokal şəbəkələrin toplusu xarakteri daşıyırdı. Son iki onillikdə isə trafik yönləndirməsi, kontent ötürülməsi və təhlükəsizlik xidmətləri az sayda platformanın əlində cəmləşməyə başlayıb. "Cloudflare", "Google Global Cache", "Akamai" və "Amazon CloudFront" kimi şəbəkələr internetin əsas “damarları”na çevrilib. Bu strukturlardan hər hansı biri qısa müddətlik belə dayananda digər sistemlər əlavə yük altına düşür və bu, qaçılmaz şəkildə qlobal təsir yaradır.

Hadisə internet təhlükəsizliyi planlarını yenidən qurmağa təkan verəcəkmi?

"Cloudflare"də baş vermiş nasazlıq ölkələrin rəqəmsal təhlükəsizlik yanaşmasını da yenidən nəzərdən keçirməsinə səbəb olub. Bir çox dövlətlər artıq daha yaxşı anlayır ki, internet yalnız texniki resurs deyil, həm də strateji aktivdir. Elektron ticarət, onlayn bankçılıq, dövlət xidmətləri və rəqəmsal iqtisadiyyatın əsas dayaqlarından biri olan internetin dayanması sosial sabitliyə belə təsir göstərə bilər. Bu səbəbdən milli DNS sistemlərinin gücləndirilməsi, kritik xidmətlərin alternativ marşrutlarla işləməsi, infrastrukturun vahid bir platformadan asılı qalmaması kimi məsələlər daha aktual görünür. Xüsusilə kiberhücumların qlobal miqyasda gücləndiyi bir dövrdə bu mövzular dövlətlər üçün prioritetə çevrilir.

Hadisə, həmçinin iri texnologiya şirkətlərinin daha şəffaf fəaliyyət göstərməsi barədə müzakirələri də gücləndirib. "Cloudflare" nasazlığın səbəbləri haqqında açıqlama versə də, əksər mütəxəssislər hesab edirlər ki, ictimaiyyət belə kritik şirkətlərin iş prinsiplərini daha dəqiq bilməlidir. Çünki onların üzərində təkcə kommersiya maraqları deyil, bütöv cəmiyyətlərin informasiya təhlükəsizliyi dayanır. Bu baxımdan beynəlxalq səviyyədə internet idarəçiliyinə yeni normaların gətirilməsi, risklərin qiymətləndirilməsinin standartlaşdırılması və kritik infrastrukturların fövqəladə vəziyyətlərə hazırlığının artırılması kimi məsələlər müzakirələrdə daha çox ön plana çıxır.

"Cloudflare" nasazlığı göstərdi ki, internetin bugünkü strukturu bir tərəfdən inanılmaz dinamizm, sürət və texnoloji rahatlıq gətirir, digər tərəfdən isə gözlənilməz dərəcədə həssasdır. İnternet artıq yalnız informasiyanın ötürüldüyü bir vasitə deyil, eyni zamanda,  sosial münasibətlərin formalaşdığı, iqtisadi fəaliyyətin hərəkətə gəldiyi, siyasi proseslərin belə reallaşdığı böyük bir məkandır. Belə bir sistemin müəyyən hissəsinin dayanması yalnız texniki problem kimi qiymətləndirilə bilməz. "Cloudflare" hadisəsi həm texnoloji reallığın, həm də qlobal rəqəmsal nizamın gələcəyinə aid ciddi suallar yaradır. Bu suallar internetin sabah necə qorunacağı, hansı strukturların üzərində dayanacağı və rəqəmsal dünyanın hansı riskləri daşıdığı barədə yeni düşüncə mərhələsinə keçidi zəruri edir.

Hadisə göstərdi ki, nə qədər güclü və möhkəm görünən sistemlər olsa da, onların hər biri kövrəkdir. İnsanlar texnologiyanı sanki əbədi dayaq kimi qəbul edir. Amma "Cloudflare"in çökməsi göstərdi ki, hətta ən nəhəng infrastrukturun da görünməyən zəif nöqtələri var. Bu, bir növ perfeksionizmin illüziyasıdır.

Texnologiya həyatın özü deyil, yalnız alətdir

Psixoloji baxımdan digər vacib aspekt “nəzarətin itməsi” hissidir. İnternetin dayanması insanlarda kontrol itkisi yaradır. Artıq qərarlarımızın, məlumat axınımızın və gündəlik fəaliyyətimizin böyük hissəsi öz əlimizdə deyil, görünməz texnoloji mexanizmlərin əlindədir. Bu, həm fərdi, həm də kollektiv səviyyədə narahatlıq, çaşqınlıq və gərginlik yaradır. İnsanlar əmin olduqları platformaların belə çökməyə meylli olduğunu gördükcə özlərini daha həssas hiss edir.

Hadisə həm də bizə rəqəmsal dünyanın dayanıqlılığı ilə bağlı mənəvi dərs verir. Texnologiya həyatın özü deyil, yalnız bir alətdir. Biz artıq çox vaxt onun rahatlığına öyrəşmişik və alternativ variantları nəzərə almırıq. "Cloudflare"in çöküşü isə xatırladır ki, həyatın yalnız görünməz şəbəkələr üzərində qurulması təhlükəlidir. İnsan öz adaptivliyini, qərarvermə qabiliyyətini və çevikliyini qorumağa öyrəşməlidir. Texnologiyasız da nizamlı, sistemli həyat qurmaq mümkündür, sadəcə, buna diqqət yetirmək nadir hallarda xatırlanır.

Həm də mənəvi dərs…

Nəticə etibarilə "Cloudflare"in çökməsi təkcə texniki problem deyil, həm də psixoloji və mənəvi siqnal rolunu oynayır. O, bizə öyrədir ki,  həyatın strukturunu yalnız texnologiyaya bağlamamaq, kritik anlarda alternativ yollar hazırlamaq, asılılığın fərqində olmaq və gözlənilməz hallara adaptiv yanaşmaq vacibdir. İnsan və texnologiya arasındakı balans pozulduqda, internetin dayanması artıq yalnız texniki çətinlik yox, qlobal psixologiyada və gündəlik həyatımızda sarsıntı yaradan real hadisəyə çevrilir. Bu isə gələcək üçün dərsdir. Rəqəmsal dünyanın sabahını qorumaq yalnız texniki tədbirlərlə deyil, insanın düşüncə, adaptivlik və psixoloji hazırlığı ilə mümkündür.

Nigar Orucova, “İki sahil”

Seçilən
26
ikisahil.az

1Mənbələr