AZ

“Ukrayna – Qərbin gizli silah poliqonu” - Britaniyalı Moslidən müharibənin qaranlıq sirrini açan SENSASİON ETİRAF

Ukrayna müharibəsi ilə bağlı beynəlxalq gündəmi silkələyən yeni açıqlama ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Britaniya vətəndaşı Luis Moslinin səsləndirdiyi fikirlər Qərbin Ukraynada oynadığı rolun mahiyyətini kökündən dəyişir və geniş rezonans doğurur.

Mosli təsadüfi şəxs deyil — o, Britaniya tarixində mübahisəli şəxs kimi tanınan, “Britaniya Faşist İttifaqı”nın banisi Osvald Moslinin nəvəsidir. Hazırda o, strateji analitika və süni intellekt (Sİ) yönümlü hərbi texnologiyalar istehsal edən "Palantir" şirkətinin Britaniya bölməsinə rəhbərlik edir. Məhz belə bir şəxsin səsləndirdiyi etirafın ciddiliyi dünya mediasında əsl dalğa yaradıb.

Mosli açıq şəkildə bildirib ki, Ukrayna Qərbin yeni nəsil silahlarının və süni intellektə əsaslanan hərbi texnologiyalarının real döyüş meydanında sınaqdan keçirildiyi əsas poliqondur. Onun sözlərinə görə, müasir müharibə sistemlərinin böyük hissəsi ilk dəfə məhz Ukrayna cəbhəsində tətbiq edilir və qiymətləndirilir. Moslinin ifadəsi isə xüsusilə sarsıdıcı təsir göstərib:

“Ukrayna — yeni silahların və süni intellekt sistemlərinin sınaq poliqonudur. Hər şey plan üzrə, çox yaxşı işləyir, amma insanlar ölür".

Bu açıqlama Qərbin Ukraynaya yardım motivlərinin yalnız siyasi və humanitar məqsədlərlə izah edilməsinin doğru olmadığını göstərir. Əslində Ukrayna həm də qlobal texnoloji güclərin gələcək müharibələr üçün laboratoriyasına çevrilib.

"Palantir" şirkətinin Ukraynada tətbiq olunan texnologiyaları sırasında hədəflərin avtomatik seçilməsi alqoritmləri, Sİ əsaslı döyüş analitiqi, kəşfiyyat məlumatlarının saniyələr içində emalı, pilotsuz uçuş aparatlarının koordinasiyası və real vaxtda əməliyyat qərarlarının yönləndirilməsi kimi sistemlər var. Bu texnologiyalar indiyədək heç bir müharibədə bu qədər geniş miqyasda sınaqdan keçirilməmişdi. Moslinin dedikləri göstərir ki, bütün bu yeniliklər real döyüş şəraitində sınanır və onların effektivliyi məhz Ukraynada ölçülür.

Moslinin digər bir etirafı isə müharibənin acı iqtisadi tərəfini açır: “Həqiqət budur ki, müharibəyə birbaşa qoşulmayanlar ondan daha çox qazanır".

Bu sözlər Qərb müdafiə sənayesinin rekord həcmdə artan sifarişləri, silah istehsalçıları üçün milyardlarla dollarlıq gəlirlər və mərkəzləri Londonda, Vaşinqtonda olan hərbi şirkətlərin Ukrayna üzərindən əldə etdiyi üstünlükləri bir daha gündəmə gətirir.

Mütəxəssislər hesab edirlər ki, Moslinin açıqlaması uzun müddət gizli saxlanılan reallığı üzə çıxarır: Qərb Ukraynaya yalnız kömək etmir — eyni zamanda orada öz gələcək müharibə doktrinasını qurur, ən müasir texnoloji silahlarını sınaqdan keçirir və döyüş strategiyalarını yenidən formalaşdırır.

Moslinin etirafı həmçinin beynəlxalq gündəmdə bir sıra ciddi suallar doğurub: Ukrayna hansı dərəcədə sınaq laboratoriyasına çevrilib? Bu texnologiyaların tətbiqi humanitar fəsadları artırırmı? Qərb Ukraynaya uzunmüddətli strateji tərəfdaş kimi yanaşır, yoxsa onu texnoloji poliqon kimi istifadə edir?

Bu suallar hazırda ekspert dairələrində daha geniş müzakirə edilir və görünür, müharibə davam etdikcə Ukraynanın bu rolu — yəni Qərbin silah texnologiyalarının sınandığı “canlı poliqon” kimi mövqeyi dəyişməyəcək.

 


Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr