AZ

İrəvan Bakıya çarter reysi açdı - Ermənilərin Bakıya sensasion səfəri

Erməni ekspertlərdən ibarət nümayəndə heyəti sabah Bakıya səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb. Məlumatda bildirilir ki, erməni ekspertlər sabah, noyabrın 21-də Bakıya yola düşəcəklər.

Ermənistan hökuməti bu gün keçirilən iclasında noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada 5 erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırılmasında qeyd olunur ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki ölkə cəmiyyətləri arasında etimadın gücləndirilməsi üçün mexanizmlər yaradacaq.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanla -Ermənistan arasında sülh quruculuğu başlayıb və buna görə də prosesdə ictimaiyyətin bütün nümayəndələrinin iştirakı zəruridir:

Elxan

“Bu ilin avqustun 8-də əvvəlcə liderlər görüşdülər və ortaq bəyanata imza atdılar. Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu həll olundu. İndi də rəsmi səviyyədə müxtəlif görüşlər keçirilir, xarici işlər nazirləri və millət vəkilləri görüşlər keçirirlər. İndi isə növbə qeyri-hökumət təşkilatlarınındır. Qarşılıqlı səfərlər və müzakirələr sülh quruculuğuna çox fayda verəcək. Önəmli olan sülhə fayda verən danışıqların getməsidir. Biz bilirik ki, Ermənistanda radikal qüvvələr də var. Daşnaklar nə dialoqda, nə də sülh quruculuğunda maraqlıdırlar. Ermənistanın Azərbaycana göndərəcək nümayəndə heyəti belə qruplardan olmamalıdır. Regiona sülh gətirməyə hazır olacaq adamların gəlişi yalnız töhfə verə bilər”.

E. Şahinoğlu bildirib ki, belə təmaslara ehtiyac var. Onun sözlərinə görə, işğal dövründə də bu təmaslar olub:

”90-cı illərdə belə görüşlərdə mən də fəal iştirak etmişəm. 2010-cu ilə qədər bu proseslər davam etdi. Erməni politoloq və jurnalistlərlə müxtəlif ölkələrdə ayrı-ayrı konfranslarda görüşlər keçirilirdi. Hətta iki dəfə Ermənistanda da beynəlxalq təşkilatların xətti ilə bu baş tutmuşdu. Belə görüşlərdə ciddi mübahisələrimiz olurdu. O zaman işğal dövrü olduğuna görə Ermənistan tərəfi biz deyənləri qəbul etmirdilər və buna görə də görüşlər nəticəsiz başa çatırdı. Ermənistan cəmiyyəti də həmin vaxtlar işğaldan başqa alternativ qəbul etmirdilər.

İndi isə reallıq dəyişib. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Erməni cəmiyyətinin bir hissəsi artıq bu reallığı qəbul edib. Ona görə də hesab edirəm ki,
indiki dialoq daha çox sülhə və əməkdaşlığa xidmət edəcək. Bütün bunlar müsbət
atmosfer yaradır”.

Politoloqun fikrincə, Ermənistandan başqa addımlar da tələb olunur. İlk olaraq konstitusiya dəyişməlidir:” Zəngəzur dəhlizi ilə bağlı nəhayət ki, tikintiyə başlamalıdırlar. Əsas siyasi qərarların reallaşması vacibdir. Amma bunlarla paralel olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqu da faydalıdır. Bu görüşlər ağır keçə bilər. Çünki 100 il ərzində o qədər qətliamlar, savaşlar oldu, ermənilər bizə arxadan o qədər zərbələr vurdular ki, əlbəttə, bunlar asanlıqla unudulmayacaq. Bütün bunlara baxmayaraq bu tədbirlərin də öz faydası olacaq".

Xatırladaq ki, oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub. Tədbirin təşkilatçısı Ermənistanın “Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzi” olub. Görüşdə Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil ediblər. Erməni tərəfdən isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Müzakirələrin əsas mövzusu Vaşinqtonda 8 avqust 2025-ci ildə keçirilən üçtərəfli görüşün nəticələrinə əsaslanan sülh və əməkdaşlıq gündəliyi olub.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
75
1
musavat.com

2Mənbələr