"Qafqazda bu səviyyədə xidmət göstərən və çeşidi bu qədər geniş olan başqa tibb müəssisəsi yoxdur".
"Cebheinfo.az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “Yeni Klinika”da çıxışı zamanı deyib.
O, müəssisə ilə bağlı mühüm açıqlamalar verib:
““Yeni Klinika” Qafqazın ən böyük klinikasıdır. Bu klinikaya xüsusi diqqət ayırmağımız təsadüfi deyil. Dünyanın heç bir ölkəsində "Yeni Klinika"nın logosunun yanında "Zone Hospital" yazısını görə bilməzsiniz.
Çünki “Zone Hospital” Almaniyanın ən nüfuzlu dövlət-özəl tərəfdaşlığı ilə idarə olunan tibb müəssisələrindən biridir. Almaniyanın böyük ölçüdə səhiyyə yükünü daşıyan müəssisəsidir.
O klinikanın Azərbaycana səfəri amanı təklif etdik, onlar da qəbul etdi. Çünki Qafqazda bu səviyyədə xidmət təşkil edən və çeşidi çox olan tibb müəssisəsi yoxdur. Bu artıq Avropa brendinin Azərbaycan səhiyyəsinə olan etibarının göstəricisidir".
Vüqar Qurbanov əlavə edib ki, klinikada növbələrin və xidmət sektorunun dəyişdirilməsi nəzərdə tutulmur:
"Bu, əlbəttə ki, buradakı həkimlərimizin xəstəxana rəhbərliyinin çəkdiyi əziyyətin bir hissəsidir. Amma klinikada növbələrin və xidmət sektorunun dəyişdirilməsi planlaşdırılmır, əksinə, mövcud xidmətlərin daha geniş həcmdə göstərilməsi nəzərdə tutulur".