Avropa Komissiyası (AK), Böyük Britaniyaya Avropa İttifaqının müdafiə fondunda iştirak imkanı verəcək bir razılaşmanın bağlanmasını gözləmir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb.
Məlumata görə, AK Britaniya ilə razılığa gəlmək üçün son müddət kimi 19 noyabr axşamını müəyyənləşdirib, lakin danışıqlar dalana dirənib. Danışıqlarda iştirak edən adı açıqlanmayan bir diplomat vəziyyəti “gərgin” kimi xarakterizə edib.
Digər Avropa diplomatlarının bildirdiyinə görə, Brüssel Britaniyadan 4,5–6,5 milyard avro arasında ödəniş tələb edib, halbuki London yalnız 200–300 milyon avro təklif edib. Bir neçə rəsmī qeyd edib ki, Britaniyanın ilkin təklifi bundan da az idi. Bildirilir ki, Kanada ilə eyni mövzuda aparılan danışıqlar “xeyli sakit şəkildə” davam edir.
Əvvəllər məlumat verilmişdi ki, Avropa İttifaqı Böyük Britaniyanın silah tədarükü üçün nəzərdə tutulmuş 150 milyard avroluq Security Action for Europe (SAFE) fonduna çıxışını ödəniş şərti ilə bağlayıb. London isə bu məbləğin əsaslandırılmamış şəkildə yüksək olduğunu və Britaniyanın bu fonda çıxış əldə etmək üçün ödəyə biləcəyi məbləği dəfələrlə aşdığını bildirirdi. Birləşmiş Krallığın müdafiə naziri Con Hili bəyan edib ki, Britaniya İttifaqın müdafiə fondunun bir hissəsi olmaq istəyir, lakin “hər qiymətə deyil”.
Musavat.com