AZ

Deputat Sumqayıtın problemlərindən danışdı-“acınacaqlı vəziyyətdə…”  

 

Deputat Elnarə Akimova Milli Məclisin plenar iclasda çıxış edərkən bir sıra problemlərdən danışıb, təkliflər irəli sürüb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilən müəlliflərin əsərləri çoxcildlik seriya şəklində çap olunarsa, bu, mədəni həyat üçün önəmli töhfə olar. Deputat 2004-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilən latın qrafikalı kütləvi nəşrlərin ölkə mədəniyyəti üçün böyük hadisə olduğunu da xatırladıb.

Çıxışında seçildiyi Sumqayıt şəhəri ilə bağlı məsələlərə də toxunan deputat bir sıra mədəniyyət ocaqlarının acınacaqlı vəziyyətdə olduğunu bildirib. O, şəhərdəki bəzi kitabxanaların və musiqi məktəblərinin təmirə ehtiyacı olduğunu, Cəfər Cabbarlı adına Mədəniyyət Evində isə qəzalı vəziyyətin yarandığını vurğulayıb.

Deputat həmçinin Hacı Zeynalabdin qəsəbəsində 40 mindən çox əhali yaşamasına baxmayaraq, bir dənə də mədəniyyət ocağının olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, mədəniyyət evləri və kitabxanalar yalnız mədəni-kütləvi tədbirlərin təşkilinə deyil, həm də gənclərin maariflənməsi və ziyanlı vərdişlərdən uzaq tutulmasına əhəmiyyətli təsir göstərir.

E.Akimova aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görməyə, təmirə ehtiyacı olan məkanları nəzarətə götürməyə və ehtiyac olan ərazilərdə yeni mədəniyyət ocaqları açmağa çağırıb.

Deputat daha sonra iclasda iştirak edən maliyyə naziri Sahil Babayevə xitabən Milli Kitab Mükafatı ilə bağlı təklifini səsləndirib: “Mən komitənin iclasında Milli Kitab Mükafatının təsis edilməsi ilə bağlı  məsələ qaldırmışdım. İnanıram ki, məsələyə həssas yanaşacaqsınız. Çünki dəfələrlərlə vurğulayırıq ki, biz siyasətdə, idman sahəsində dünyada sözümüzü demişik. Bu gün, xüsusilə, Zəfəri qazandığımız indiki reallıqda, sözümüzü, həqiqətlərimizi bədii təcəssüm predmetinə çevirməklə dünyaya çatdırmağa daha çox ehtiyac var. Siz təsəvvür edin ki, 90-cı illərdə, o çətin dövrdə Ümummilli liderimiz Heydər Əliyev ədəbiyyatımızı, mədəniyyətimizi zamanın sərt aşamalarından necə zədəsiz, bütöv çıxara bildi. Bir neçə gün əvvəl Akademiyanın 80 illik yubileyində cənab Prezident İlham Əliyev əgər milli dilin qorunması ilə bağlı çağırışlar edirsə, mənə elə gəlir ki, bu gün biz kitab siyasətinə xüsusi diqqətlə yanaşmalıyıq. Çünki kitablarda bizim milli kimliyimiz, milli yaddaşımız qorunur. Dil siyasətini də bura əlavə etsək və əgər  yaddaşlı nəsil yetişdirmək istəyiriksə, bu məsələlərə, kitaba, ədəbiyyata sərmayə qoymaqdan çəkinməməliyik”.

Sonda deputat büdcə zərfini yüksək qiymətləndirdiyini bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsində daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

E.Paşasoy,

Musavat.com 

Seçilən
43
3
musavat.com

7Mənbələr