Bu gün Azərbaycan regionda yaratdığı yeni reallıqlar əsasında qərbdən şərqə, cənubdan şimala doğru geosiyasi, beynəlxalq münasibətlərin inkişafını təmin edən proseslərin mərkəzçi iştirakçısına çevrilib. Avropa ilə Asiya arasında körpü rolunda çıxış edən ölkəmiz, artıq Mərkəzi Asiya platformasının mərkəzində yer alır. Ölkə Prezidenti İlham Əliyevin Özbəkistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarınına 7-ci Məşvərət Görüşündə iştirakı və ölkəmizin tamhüquqlu üzvlüyə qəbul olunması məhz bu prosesdə irəliyə oğru növbəti addım kimi dəyərləndirilir. Müsahibimiz Milli Məclisin deputatı Hikmət Babaoğludur:
-Bu gün Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzv olması Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin hansı istiqamətdə inkişafından xəbər verir?
-Qardaş ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformaya tam hüquqlu üzv qəbul olunması 5+1 formatının vahid altılıq formatına çevrildiyini göstərir. Bunu bir neçə istiqamət üzrə tarixi hadisə hesab etmək olar. İlk növbədə Azərbaycan Prezidenti məsələni qiymətləndirərkən qeyd etdi ki, Azərbaycanın Mərkəzi Asiya ilə birgə hərəkət imkanları həm geosiyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Görüşün digər mühüm tərəfi isə ondan ibarətdir ki, bu vahid tarixi coğrafiyanın sözün əsl mənasında birləşməsidir. Bu tarixi coğrafiyanın həm böyük resursları, həm də iqtisadi, mədəni humanitar, sosial inteqrasiya imkanları var.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səsləndirdiyi fikirlər də xüsusi maraq kəsb edir. O qeyd etdi ki, böyük altılıq qlobal mahiyyət daşıyan bir platformaya çevrildi. Bu, doğrudan da belədir. Nəticə etibarilə, dərinləşən inteqrasiya qlobal altılığın beynəlxalq münasibətlər sistemində təsiredici gücünü artıracaq. Məsələ ondadır ki, bu razılığı təyin edən əsas şərtlərdən biri Azərbaycanla bağlıdır. Ona görə də hər beş ölkənin prezidenti bu inteqrasiya prosesində Azərbaycanın yerini və rolunu xüsusi olaraq qiymətləndirməyi vacib hesab edirlər. Azərbaycan 2020-ci ilə qədər həyata keçirdiyi kommunikasiya xətləri vasitəsi ilə Orta Asiya ilə əməkdaşlıq üçün perspektiv yaratmışdı. 2020-ci ildə düşmən üzərində əldə etdiyi zəfərdən sonra bu perspektiv imkanlar üçün yeni üfüqləri açıldı. Zəngəzur dəhlizinin perspektivləri Azərbaycanı geostrateji məkan kimi önə çəkmiş oldu. Biz vaxtında bu addımları atmasaydıq vahid altılığın olmasından danışa bilməzdik. Çünki bunun yerinə yetirilməsinin şərtləri olmalıdır. Buna görə də bu prosesdə Mərkəzi Asiya ölkələri bir daha Azərbaycanın xüsusi yerinin olduğunu qeyd etdilər.
Məsələnin mahiyyəti ondadır ki, bu gün dünya yeni sənaye inqilabı ərəfəsindədir. Bu isə özü-özlüyündə yeni resursların iqtisadiyyata və texnologiyaya qazandırılmasını şərtləndirir.
Orta Asiya ölkələri belə resurslarla zəngindir. Uran, litium və sair bu kimi ehtiyatların realizə olunması üçün Mərkəzi Asiya Qərblə əməkdaşlıq etməlidir. Bu isə yalnız Azərbaycan vasitəsi ilə mümkündür. Azərbaycan bunun üçün yeni şərtlər yaradıb. Digər tərəfdən bu, həm də tarixi ədalətin bərpasıdır. Bu gün Azərbaycanın önə çəkdiyi şərtlər ölkəmizi yenidən Mərkəzi Asiya ilə birləşdirir. Bu isə yeni altılığı beynəlxalq münasibətlərin ən təsirli aktoruna çevirəcəkdir.
-Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələrin qurulması Zəngəzur dəhlizi ilə bağlı tarixi hədəflərimizə çatmağımız üçün hansı imkanları formalaşdıracaq?
-Mərkəzi Asiya ilə Azərbaycanın vahid altılıq formatında birləşməsi şübhəsiz ki, Zəngəzur dəhlizinin aktuallığını artıracaq. Eyni zamanda Orta Asiya ilə Avropa arasında nadir torpaq elementləri ilə bağlı imzalanmış layihələrin icrasına böyük köməklik göstərəcək. Hazırda Avropa ölkələri Özbəkistan və Qazaxıstanda çoxmilyardlı əməkdaşlıq həyata keçirməklə bağlı qarşılıqlı razılığa gəliblər. Bu, Mərkəzi Asiya resurslarının Avropaya çatdırılmasında kommunikasiya, yol, nəqliyyat sisteminin işlədilməsi zərurətini yaradır. Belə olan halda nəql olunan yüklər üçün Azərbaycan tranzit ölkə olacaq. Bu, eyni zamanda üzv olduğumuz vahid Mərkəzi Asiya altılığının Avropa ilə əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Buna paralel olaraq, artıq Azərbaycan-Qazaxıstan arasında Transxəzər fiberoptik kabelinin çəkilməsi davam edir. Kabel xəttinin çəkilişi önümüzdəki bir il ərzində başa çatdırılacaq. Böyük İpək Yolu, həm də rəqəmsal İpək Yoluna çevriləcəkdir ki, bu da Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələri, iqtisadi inteqrasiyanı daha da gücləndirəcək.
- Vahid Altılığın beynəlxalq münasibətlərin ən təsirli aktoruna çevirilməsi üçün istənilən münbit şərait və şərtlər yetişibmi?
-Mərkəzi Asiya dövlətləri bu məsələyə xüsusi vurğu ilə yanaşdılar. Çünki region Avroatlantika və qlobal cənub arasında sıxışdırılır. Nəzərə alsaq ki, burada Rusiya faktoru daha öndədir, o zaman Çin və Rusiya arasında sıxışan Mərkəzi Asiya yalnız Azərbaycan üzərindən Avropaya çıxa bilər. Yəni Azərbaycan Mərkəzi Asiya üçün həm geosiyasi, həm də geoiqtisadi dəhlizə çevrilir. Ona görə də bu məsələnin geosiyasi aspekti mühüm məsələdir. Nəticə etibarilə Mərkəzi Asiyanın öz imkanlarını qoruması beynəlxalq münasibətlərdə müstəqil aktor kimi davranması üçün ilk növbədə iqtisadi, kommunikasiya müstəqilliyinin yaranması vacib idi ki, bu da Azərbaycan olmadan mümkün deyil. Beləliklə, biz beynəlxalq münasibətlərdə Azərbaycan Prezidentinin ifadə etdiyi kimi daha təsirli aktora çevriləcəyik.
-Qərbdə bu platformaya dəstək verənlər varmı və nə dərəcədə etibarlıdır, yaxud qarşıda hansı maneə yaradıla bilər?
-Vahid altılıq həm ABŞ, həm də Avropa tərəfindən dəstəklənir. Bu gün formalaşan vahid altılıq və onun Avropaya inteqrasiyası Avropa ölkələri üçün iqtisadi, geosiyasi baxımdan əhəmiyyətlidir. Nəticə etibarilə Çinlə Rusiya arasında olan bu bölgə müstəqil məkan kimi çıxış etmiş olacaq ki, bu da Avropa üçün iqtisadi, siyasi perspektiv baxımından çox vacibdir. Eyni zamanda çoxqütblü dünya nizamının qütblərindən biri kimi çıxış edir və müstəqil iradə nümayiş etdirmək gücünə malik olur. Ona görə də məsələnin başqa bir tərəfi də artıq ABŞ-ın regiona gəlişi, Zəngəzur dəhlizininTramp marşrutu adı altında aktuallaşmasıdır. Mərkəzi Asiya ilə qurulan əlaqələrin xətti Zəngəzur dəhlizindən keçərkən Amerika mərkəzli şirkətlərlə, investisiyalarla üzləşəcək. Nəzərə almaq lazımdır ki, ABŞ ilkin mərhələdə Zəngəzur dəhlizinin çəkilişi üçün 150 milyondan çox investisiya ayırıb və infrastrukturu genişləndikcə bu investisyanın artması gözlənir. Beləliklə, həm ABŞ, həm Avropa Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya vahid altılığının möhkəmlənməsi və beynəlxalq münasibətlərdə güclənməsi üçün dəstək verməli olacaqlar.
Tahirə Qafarlı