AZ

İllərin deyil, qızların qocaltdığı məşhur: Qadın düşkünlüyü, yoxsa tale yazısı? 

Bu gün yaddaşlarımıza nağıllardan qopub gəlmiş “igid Elşən” kimi həkk olan, Azərbaycan kinosunun ən yaraşıqlı aktyorlarından sayılan Gündüz Abbasovun doğum günüdür. 

NOCOMMET.az xəbər verir ki, o, öz dövründə tək romantik obrazların ifaçısı kimi deyil, həm də yazıçı, tərcüməçi və rəssam kimi tanınıb.

Dövrünün imkanlı, ərköyün gənclərindən olan Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində doğulub.Anası isə Mələk xanım görkəmli dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Anlamaq çətin deyil ki, bu ailə incəsənətə, mədəniyyətə böyük önəm verən bir sovet ailəsi idi.

Elə bu aura balaca Gündüzü də sənətə yönləndirir. 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirən gənc çox yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, dövrünün ən gözəl qızlarının hədəfi olur. Baxmayaraq ki, ailəli idi və uşaqları da vardı, amma həyatı rəngarəng keçirdi.

Onu elə küçədə görüb filmə dəvət edirdilər və o vaxtdan ard-arda filmlərə çəkilməyə başlayır. 1958-ci ildə ekranlara çıxan “Onun böyük ürəyi” filmindəki Rəcəb obrazı belə yaranır. Az müddətdə məşhurlaşan Abbasov bu filmdə qazandağı uğura görə 1 il sonra “Bir qalanın sirri”ndə ( 1959) baş rollardan birinə çəkilməli olur. Elə o vaxtdan xalq onu Gündüz Abbasov kimi yox, Elşən kimi sevməyə başlayır.

Onu da deyək ki, Gündüz universitetdə oxuduğu zaman bir qızla tanış olur. Bir-birilərini çox sevirlər. Gündüzdən bir kurs yuxarı oxuyan sevgilisi onunla eyni kursda oxumaq üçün bir il kursda qalır. Lakin qızın valideynləri ayrıldığı üçün anası sevdiyi qızı ona almır. Onlar ayrılmalı olurlar. Bir müddət sonra özündən doqquz yaş balaca olan gələcəyin aktrisası Ofeliya Məmmədzadə ilə tanış olur. Xanımın yaşı nikaha düşmədiyi üçün onun yaşını üç yaş böyük yazdırırlar. 3 uşaq atası olan aktyorun xəyanəti ailəni dağıdır. Ofeliya Məmmədzadə oğlunu özü ilə aparsa da, qızları aktyorun anasının yanında qalırlar. Bir müddət sonra Ofeliya xanım da aktrisa kimi fəaliyyətə başlayır.

Gündüzün ailəsini dağıdan qadın

Xalq artisti Hökümə Qurbanovanı tanımayan yoxdu. İstedadı ilə bütün həmkarlarından seçilirdi. Məşhur aktyor Ələsgər Ələkbərovla evlənir və Nailə adlı bir qızı olur. Ailə qısqanclıq səbəbindən dağılır. Təbiətən ağır və sanballı olan Ə.Ələkbərov Hökümə xanımın həddən artıq azadlığını qəbullana bilmirdi. Az keçmir, Hökümə xanım teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur. Ailədə gələcəyin tanınmış aktrisası Vəfa Fətullayeva doğulur. N. Fətullayev də Hökümənin hökümlü davranışları ilə razılaşa bilmir və bu ailə də dağılır. Həmin dövrdə Hökümə Qurbanova 3 övladı olmasına baxmayaraq bir çox Bakı xanımlarının hədəfi olan Gündüzlə qarşılaşır. Özündən 17 yaş kiçik, ailəli kişi ilə eşq yaşaması dillərə dastan olur. Söhbət dəfələrlə Ofeliya xanıma çatsa da, əvvəl inanmır, sonra onları ayırmaq üçün ərinə xəbərdarlıq edir. Amma Gündüzü sevgilisindən ayıra bilmir. Gündüzün ailəsi beləcə dağılır.

Bundan sonra O. Məmmədzadə özünü qisasa həsr edir. Hökümə xanımın eks həyat yoldaşı Nüsrət Fətullayevlə tanış olur və Gündüzə Hökümə xanıma acıq getsin deyə onunla ailə həyatı qurur. Baxmayaraq ki, cütlüyün arasında 26 yaş fərqi vardı. Əslində bu hər “iki xəyanətkar”a qarşı düşünülmüş addım idi. Bunun bir qisas olduğunu yəqin ki, hamı anlayır. Gündüz Abbasovun qisası isə daha betər olur. O, məhkəmə yolu ilə uşaqları keçmiş həyat yoldaşından alır və anasının himayəsinə verir. Eyni zamanda uşaqları ilə anasının görüşməsini əngəlləyir.

Həmin vaxt Ofeliya xanım buna cavabsız qalmır və aktrisalığı özünə peşə seçir.

Rəssamla evli olan aktrisa evli olduğu ilk dönəmlərdə təhsil almağı qarşısına məqsəd qoyur. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirir və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayır. Burada H.Cavidin “Səyavuş” əsərində Kəndçi qızı, “İblis”də Rəna, S.Vurğunun “Vaqif” əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının “Oqtay Eloğlu” əsərində Firəngiz, S.Rəhman “Yalan” əsərində Kəklik, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərində Gövhər xanım obrazlarını məharətlə yaradır. O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərir və Nüsrət müəllimin ölümünə qədər – 27 il uşaqları olmasa da, onlar birlikdə yaşayırlar.

Bu hadisədən illər sonra Gündüz Abbasov Hökümə xanımdan ayrılır və 1969-cu ildə ikinci dəfə Tamara adlı bir xanımla ailə qurur. Bu evlilikdən isə onun bir oğlu, bir qızı olur. Ancaq 10 ildən sonra ikinci evlilik də ayrılıqla nəticələnir. Aktyor bir də heç vaxt evlənmir. Ömrünün son günlərinə qədər tək yaşayır.

Sağlamlığı barədə heç vaxt şikayəti olmasa da, ölümündən iyirmi gün əvvəl ayaqları tutulur, yatağa düşür. İlkin həkim müayinəsindən sonra məlum olur ki, aktyor sirrozdur. Vəziyyəti getdikcə daha da pisləşir, komaya düşür. Ölümünə bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyib deyir: “Peşman olmuşam”.

Çəkildiyi “Yuxu”filmində yaratdığı Hidayət əmi obrazı onun sonuncu filmi olur. Gündüz Abbasov 1995-ci ildə 21 avqustda vəfat edir.

Əntiqə Rəşid

Seçilən
73
nocomment.az

1Mənbələr