Sənəd Kiyevin iştirakı olmadan Trampın və Putinin emissarları tərəfindən hazırlanıb…
Poliqon xəbər verir ki, The Economist Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Vladimir Putinin emissarı Kirill Dmitriyev tərəfindən Ukraynadakı müharibənin dayandırılması üçün hazırlanan gizli planı “kapitulyasiya tələbi” adlandırıb. Mənbələrin bildirdiyinə görə, plan Kiyevə əvvəlcədən təqdim olunmayıb və Ukraynanın mövqeləri nəzərə alınmadan hazırlanıb.
İddiaya görə, sənəd Rusiyanın əvvəlki maksimalist tələblərini yalnız təkrarlamır, həm də onlara bir neçə əlavə sərt şərt əlavə edir. Planı görən şəxslər bu tələbləri “real olmayan və Ukrayna üçün qəbuledilməz” adlandırırlar. Son aylarda Ukrayna ordusunun müəyyən geriçəkilmələri olsa da, ekspertlər Rusiyanın 2022-ci ildən bəri böyük operativ irəliləyiş əldə etmədiyini xatırladırlar. Hərbi analitiklər hesab edir ki, Kiyevin vəziyyəti o qədər ümidsiz deyil ki, ölkə belə şərtlərə razılaşmağa məcbur qalsın.
Mənbələr bildirir ki, planın Tramp administrasiyasında nə qədər geniş müzakirə olunduğu daqiq bilinmir. Bəzi məlumatlar Uitkoffun bu təşəbbüsü əsasən şəxsi səviyyədə irəli sürdüyünü göstərir. Sənədin hazırlanmasının məqsədi də qeyri-müəyyəndir: bəzi ekspertlər bunun Zelenskini zəiflik dönəmində çətin vəziyyətə salmaq üçün edilmiş siyasi addım ola biləcəyini düşünür.
Ukrayna administrasiyasına yaxın mənbələr isə qeyd edir ki, Vaşinqtonda müəyyən dairələr ölkədəki korrupsiya qalmaqalından istifadə edərək Kiyevi əsassız güzəştlərə məcbur etməyə çalışa bilər. Bu baxımdan planın vaxtlaması narahatlıq doğurur və Kiyev bunu Ukrayanın maraqlarına zidd siyasi təzyiq kimi qiymətləndirir.
The Economist yazır ki, belə bir sənədin Ukrayna ilə razılaşdırılmadan hazırlanması diplomatik prosesin şəffaflığı ilə bağlı suallar yaradır və Vaşinqton–Kiyev xəttində gərginliyi artırmaq potensialına malikdir.
Poliqon.info