AZ

Son həlqə qırılarsa, İran dəyişəcək- SSRİ bənzətməsinin arxasındakı səbəblər- ÖZƏL

ABŞ MKİ-nin keçmiş əməkdaşı Norman Roul İran hakimiyyətində rejimin süqutunun qaçılmaz olduğunu anlayanların olduğunu iddia edir. Onun fikrincə, İran rejimi daxildən çürüyür və 1980-ci illərin sonundakı SSRİ-yə bənzər vəziyyət yaşayır. Roul hazırkı Ali Lider (Əli Xamneyi) öldükdən sonra rejimin onunla birlikdə məhv olmamasını arzulayan daxili dairələrin mövcudluğunu bildirir.
Norman Roulun İran rejimini SSRİ-nin son günləri ilə müqayisə etməsi nə dərəcədə əsaslıdır? 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 

" Roulun İran rejimini SSRİ-nin son günləri ilə müqayisə etməsi və hazırda İranda yaşanan daxili siyasi böhranları SSRİ-nin son dövrü ilə eyniləşdirməsi bir çox nöqtələrdə, təbii ki, bənzərlik təşkil edir. Çünki SSRİ-nin son dönəmlərində də xalqla dövlət arasında dərin uçurumlar yaranmışdı. Sadəcə, xalq və dövlət birliyi xarici düşmən faktoru ətrafında müəyyən mənada qoruna bilirdi. Əfqanıstan müharibəsindən sonra isə o birlik də tamamilə dağıldı və beləliklə SSRİ rejimi artıq başa düşməyə başladı ki, bu birliyi qoruyub saxlamaq mümkün olmayacaq. İndi İranda isə hələ ki, İsrail rejiminə qarşı fikir ayrılıqlarının olması və İran xalqının da İsraili düşmən kimi qəbul etməsi həmin son birlik həlqəsini qoruyub saxlamağa imkan verir.
Roul burada haqlıdır ki, ABŞ bu vəziyyətin dəyişməsində hansısa rol oynaya bilərmi? Bu, İsrailə təzyiqlə baş verə bilər, yoxsa İsrail və ABŞ-ın İrana qarşı siyasətində hansısa dəyişikliklərlə ola bilər? Bunu söyləmək çox çətindir. Bu, ABŞ-ın aparacağı hesablamalardan və həmin hesablamaların sonunda hazırlayacağı siyasət planından asılı olacaq. Yəni ABŞ bu siyasəti necə quracaq - bunu zaman göstərəcək.
Amma bu dəqiqə İranda xalqın böyük təbəqələri və hətta rejim daxilində də mövcud hakimiyyətə qarşı istənilməz bir ruh formalaşıb. Xalqın əksəriyyəti, həmçinin rejim daxilində müəyyən qüvvələr indiki hakimiyyətin tutduğu siyasi xətti dəstəkləmir və daha çox yeni dünya ilə ayaqlaşmağın tərəfdarıdır. Sadəcə, İranın xarici düşmən obrazını yaratması və bu düşmənə qarşı mübarizə faktoru xalqla dövlət arasındakı uçurumun tamamilə böyüməsini və rejimin çökməsini gecikdirir. Mən düşünürəm ki, həmin xarici düşmən kartı İran rejiminin əlindən çıxarsa, ondan sonra İranda müəyyən dəyişikliklərdən danışmaq mümkün olacaq.
ABŞ-ın mənə elə gəlir ki, İran xalqı üçün edə  biləcəyi  ən yaxşı şey İranın daxili işlərinə qarışmamaq və ona lazımsız zərbələr endirməməkdir. Çünki belə addımlar atıldıqda, əksinə, o düşmən faktoru daha da güclənir və xalq diqqətini daxili problemlərdən yayındırır. ABŞ İrana birbaşa qarışmasa, böyük ehtimalla xalq öz gələcəyi üçün ən doğru qərarı özü verəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr