Bakı, 20 noyabr, AZƏRTAC
ABŞ-ın İyirmilik Qrupunun (G20) sammitində iştirakdan imtina etməsi onun qlobal təşəbbüslərin əlaqələndirilməsi platforması kimi gələcəyini sual altında qoyur.
AZƏRTAC xəbər verir ki, bu fikir “Financial Times” nəşrinin materialında vurğulanır. Adını açıqlamayan avropalı diplomat qəzetə deyib: "Vəziyyət acınacaqlıdır. Biz amerikalıların iştirakı olmadan həqiqətən heç nəyə nail ola bilmərik". Qəzetin yazdığına görə, Vaşinqtonun boykotu iqlim dəyişikliyi və Ukrayna münaqişəsi ilə bağlı sammit çərçivəsində əldə olunan ilkin razılaşmaları şübhə altına alıb.
Xatırladaq ki, noyabrın əvvəlində Prezident Donald Tramp ABŞ nümayəndələrinin G20 sammitində iştirak etməyəcəyini açıqlayıb. O, sammitin Cənubi Afrika Respublikasında (CAR) keçirilməsini biabırçılıq adlandırıb. Tramp CAR-da ağdərili insanların hüquqlarına diqqət çəkərək, onların zorakılığa məruz qaldığını vurğulayıb.
G20 liderlərinin sammiti noyabrın 22-də başlayacaq və iki gün davam edəcək. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa bəyan edib ki. Yohannesburq sammitində əsas məqsədlərindən biri qlobal iqtisadiyyatda və beynəlxalq münasibətlərdə Qlobal Cənubun mövqeyini gücləndirməkdir.