AZ

Fransanın Baş Qərargah rəisindən merlərə xəbərdarlıq: Üç-dörd ilə müharibə ola bilər

Paris, 20 noyabr, AZƏRTAC

Noyabrın 19-da keçirilən Fransa Merlər Konqresi bu dəfə gözlənilməz bir çıxışla yadda qalıb. Ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandon tədbirdə merlərə, yəni yerli rəhbərlərə açıq şəkildə xəbərdarlıq edib: Fransa üç-dörd ilə Çin və ya Rusiya ilə müharibə ehtimalına hazırlaşmalıdır.

AZƏRTAC xəbər verir ki, konqresin əsas mövzuları bələdiyyələrin azalan imkanları və son illərin böhranları olsa da, general Mandonun çıxışı tədbirin əsas hadisəsinə çevrilib. O, niyə məhz merlərlə danışdığını belə izah edib: “Merlər dövlətlə əhali arasında ılaqə yadan şəxslərdir və gələcək böhran vəziyyətində xalqı səfərbər etmək onların üzərinə düşəcək”.

“Texniki və sənaye baxımından hazırıq, lakin ölkəni müdafiə etmək üçün özümüzə ağrı verməyə, qurban verməyə hazır olduğumuzu göstərən “mənəvi güc” çatmır. Övladlarımızı itirməyi qəbul etməliyik. İqtisadi çətinlikləri qəbul etməliyik. Əgər buna hazır olmasaq, böyük risk altındayıq”, - deyə general Mandon vəziyyətin ciddiliyini bildirib. O, merlərə çağırış edib: “Bu barədə icmalarınızda danışın”.

Generalın sözlərinə görə, qlobal geosiyasi gərginlik elə həddə çatıb ki, Fransa artıq bir neçə il içində genişmiqyaslı hərbi qarşıdurmaya hazırlıqlı olmalıdır. Onun vurğuladığı iki əsas ehtimal olunan rəqib isə Çin və Rusiyadır. “Biz risk altındayıq”, – deyə Baş Qərargah rəisi xəbərdarlıq edib.

Bu açıqlama Fransa Silahlı Qüvvələrinin yüksək komandanlığı tərəfindən indiyədək səsləndirilmiş ən açıq və ən sərt xəbərdarlıqlardan biri kimi qiymətləndirilir.

General Mandon, həmçinin yerli səviyyədə konkret hazırlıq işlərinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, merlər ordunun quru qoşunlarının təlim keçməsi üçün “yerli səviyyədə məkanlar” təşkil edə bilərlər.

Fresse-sur-Moselle şəhərinin meri Dominik Peduzzi Fransa Merlər Assosiasiyasına (AMF) verdiyi açıqlamada vəziyyətin ağırlığını etiraf edib: “Tapşırıq çox böyükdür. Bələdiyyələr və AMF daxilində geniş düşünmək, düzgün kommunikasiya vasitələrini tapmaq lazımdır”.

General Mandonun çıxışı Fransada həm siyasi, həm ictimai səviyyədə müzakirələri qızışdırıb. Ölkə rəhbərliyinin belə açıq müharibə ehtimalından danışması, həmçinin qurbanvermə mövzusunun bu cür sərt şəkildə dilə gətirilməsi Fransa cəmiyyətinin yaxın illərdə qarşılaşacağı təhlükələrin ən ciddi göstəricisidir.

Merlər konqresindən sonra isə bir sual hamını düşündürür: Fransa doğrudanmı üç-dörd il ərzində böyük güclərlə müharibəyə hazırlaşmalıdır?

Seçilən
15
2
azertag.az

3Mənbələr