AZ

“İnformasiya təhlükəsizliyinə yenidən baxılmalıdır”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Yerli məhsulların yaradılmasının və rəqəmsal suverenliyin nə qədər vacib olduğunu biz cəmi iki gün öncə baş vermiş insident zamanı bir daha gördük. 9 mindən çox fəaliyyəti olan bir çox resursun işi təkcə “Cloudflare” xətası kimi görünə bilər, lakin bu hadisəni sırf “Cloudflare” şirkətinin insidenti kimi qiymətləndirmək yanlış olardı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Baş idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən “Cyber day” tədbirində deyib.

O bildirib ki, problem öz mahiyyətində xüsusilə özəl sektorun xarici asılılığı və rəqəmsal suverenlik məsələləri ilə bağlıdır:

“Təəssüf ki, təsirlənən resurslar arasında media qurumları da vardı. Bu isə ölkəmizdə informasiya təhlükəsizliyinə hazırlıq səviyyəsinə yenidən nəzər salmağımızın zəruriliyini göstərir.

Təbii ki, yerli həllərin tətbiqi ucuz başa gəlmir - böyük maliyyə və ciddi texnoloji resurs tələb edir. Lakin dövlətimizin apardığı uğurlu siyasət nəticəsində bu istiqamətdə dinamik və məqsədyönlü addımlar atılır. Dövlət strategiyasının əsas məqsədlərindən biri lokal infrastrukturun gücləndirilməsi, məlumat mühafizəsinin ölkə daxilində təmin olunması və kritik xidmətlərin xarici asılılıqdan qorunmasıdır”.

T.Məmmədovun sözlərinə görə, mütəxəssis arxitektlərin qarşısına qoyulan əsas hədəflərdən biri yerli rəqəmsal məhsulların yaradılmasına töhfə vermək və rəqəmsal siyasi suverenliyin gücləndirilməsinə dəstək olmaqdır:

“Bu, ölkə prezidentinin informasiya və rəqəmsal təhsil strategiyasında vurğulanan əsas prioritetlərdən biridir.

Son üç ildə bir sıra dövlət qurumlarının bulud infrastrukturunun xarici vendorlardan yerli platformalara daşınması bu siyasətin real nəticəsidir. Bu həm təhlükəsizliyin artırılması, həm də milli rəqəmsal müstəqilliyin möhkəmləndirilməsi baxımından mühüm addımdır.

“Asketnik Şəbəkəsi” üzərində yerləşdirilən sistemlər vasitəsilə onların lokal mühafizəsi təmin olunub. Bu lokal mühafizə siyasəti yalnız internet üzərindən informasiya mübadiləsi ilə məhdudlaşmır, həmçinin dövlətimizin təmin etdiyi xüsusi rabitə və təhlükəsiz dövlət rabitəsi vasitələri ilə də birbaşa əlaqəlidir”.

O bildirib ki, qlobal internetdə genişmiqyaslı bağlılıq problemi yaşansa, ölkəmiz daxilində bütün dövlət informasiya ehtiyatlarının fəaliyyəti tam təmin olunmuş şəkildə davam edəcək:

“Yəni dövlət qurumlarının kritik sistemləri xarici bağlantıdan asılı olmadan, lokal mühitdə fasiləsiz işləmək qabiliyyətinə malikdir. Bu yanaşma xüsusi rabitə sistemlərinə də şamil edilir. Güc strukturları və kritik infrastruktur subyektlərinə təqdim olunan xüsusi rabitə və radio rabitə xidmətləri hazırda mobil şəbəkədən tam asılı olmayaraq lokal şəkildə etibarlı fəaliyyət göstərir.

Buna nümunə olaraq dövlət qurumlarında tətbiq edilən “Teams” platformasını göstərə bilərik. Bu platforma “WhatsApp” üçün təhlükəsiz alternativ rolunu oynayır və lokal infrastruktur üzərində işləyən həll kimi minimal xarici asılılıqla funksionallığı təmin edir.

Təbii ki, sadaladıqlarım görülmüş işlərin yalnız bir hissəsidir. Qarşıda görüləcək işlər isə bunlardan qat-qat çoxdur”.

Qeyd edək ki, noyabrın 18-də “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. Bu isə Azərbaycan, eləcə də dünyada bir çox saytların işində problemə səbəb olub.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
qafqazinfo.az

1Mənbələr