Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
İdman təkcə güc və ya bacarıq yarışması deyil, həm də insanların bərabər şəkildə bir araya gəldiyi nadir platformadır.
AZƏRTAC xəbər verir ki, 2026-cı il Milan-Kortina Qış Olimpiya Oyunları ərəfəsində keçirdiyi mətbuat konfransında bu fikri ifadə edən BMT Baş Assambleyasının prezidenti Annalena Berbok bildirib : “Bölünmə, parçalanma dövründə belə, bəşəriyyət idman vasitəsilə ortaq məxrəc tapa və “ümid məşəlini” qoruya bilər”.
Gənclik illərində gimnastika ilə məşğul olduğunu xatırladan Berbok idmanın hətta rəqiblər arasında birlik yarada biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Olimpiya hərəkatı bu ehtimalın güclü simvolu, sülhün canlı metaforası, insanlar arasında hörmət və cəsarətin təcəssümüdür. Son onilliklərin nümunələri bu metaforanın praktikada nə qədər güclü ola biləcəyini göstərir.
Baş Assambleyanın prezidenti gender bərabərliyi amilini xüsusi vurğulayıb. O, 2014-cü ildə Soçidə Olimpiya qızıl medalını qazanan Kanadanın qadın xokkey komandası üzvlərinin inadkar ruhunu qeyd edib. Berbokun sözlərinə görə, onların mesajı qadınları və qızları idmandan kənarda məhdudlaşdırmağa davam edən stereotiplərə qarşı çıxır.
Milan-Kortina 2026-nın indiyə qədər zərif cinsin nümayəndələrinin ən çox iştirak edəcəyi Qış Oyunları olacağı gözlənilir. Qadınların bu Olimpiadada idmançıların 47 faizini təşkil edəcəyi bildirilir. İtaliya hökuməti Oyunların həm buz üzərində, həm də kənarda inklüzivliyi və əlçatanlığı inkişaf etdirəcəyi öhdəliyi götürüb.
İtaliya Milli Olimpiya Komitəsinin nümayəndəsi bildirib: “İdman və Olimpiya Oyunları ümid işığı, rəqabət və bölünməyə alternativ ola bilər”.
Dünya qış Olimpiya Oyunlarına hazırlaşarkən, BMT-nin mesajı sadədir: idmanda öyrənilən dəyərlər - ədalət, cəsarət, komanda işi daha dinc və inklüziv bir dünya qurmaq üçün lazım olan meyarlarla eynidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.