Ukrayna müharibənin vurduğu ətraf mühitə dəyən ziyana görə Rusiyadan 43 milyard dollar iqlim təzminatı tələb etməyə hazırlaşır.
Hafta.az-ın yazdığına görə, BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP30) çərçivəsində yayımlanan mətbuat açıqlamasında bunun "müharibədən sonrakı ilk iqlim təzminatı tələbi" olduğu vurğulandı və kompensasiyanın müharibədən sonra Ukraynanın "ekoloji bərpasına" xərclənəcəyi bildirilib.
Ukraynanın İqtisadiyyat nazirinin müavini Pavlo Kartaşov bu məsələ ilə bağlı açıqlama verib: "Rusiya bir çox cəhətdən çirkli müharibə aparır və iqlimimiz də zədələnir... İstehlak edilən çoxlu miqdarda yanacaq, yandırılan meşələr, dağıdılmış binalar, istifadə olunan beton və polad - bütün bunlar mahiyyət etibarilə ciddi iqlim ziyanına səbəb olan "münaqişənin karbon izidir". Bu təcavüzün iqlim təsirləri sərhədlərimizdən çox kənarda və gələcəkdə hiss olunacaq".
Tələb olunan məbləğ Müharibənin İstixana Qazlarının Hesablanması Təşəbbüsü (IGGAW) mütəxəssislərinin hesablamalarına əsaslanır. Bu hesablamaya görə, müharibə 237 milyon ton karbon qazı (CO₂) ekvivalenti tullantılarına səbəb olub. Alimlər bu tullantıların cəmiyyətə vurduğu ziyanı təmsil edən "karbonun sosial dəyərini" ton başına 185 dollar hesablayırlar.
Təzminat üçün müraciətlər Avropa Şurası tərəfindən yaradılmış yeni mexanizm vasitəsilə təqdim ediləcək. Ukraynalılar artıq eyni çərçivə vasitəsilə müharibə ziyanı üçün 70 min müraciət təqdim ediblər.
Mütəxəssislər müharibənin ətraf mühitə vurduğu ziyanın miqyasının "nəhəng" olduğunu bildirirlər: 25 min hektar yanmış meşə, 220 qorunan ərazi təhlükə altındadır və təxminən 1 milyon hektar minalanmış torpaq, bunlardan yalnız bir neçəsidir. Avropalı mütəxəssislər və Ukrayna qurumları bu ekoloji məhvi "ekosid" (ekoloji soyqırım) kimi tanımaq üçün beynəlxalq dəlillər toplamağa davam edirlər.