
ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı 28 bəndlik planı təsdiqləyib.
Missiya.Az xəbər verir ki, bu barədə "NBC News" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd son həftələr ərzində Ağ Ev rəsmiləri, Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriev və Ukrayna rəsmiləri ilə aparılan məxfi məsləhətləşmələr nəticəsində hazırlanıb. Plan üzərində işə Stiv Uitkoff, vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio rəhbərlik edib.
Rəsmilər bildiriblər ki, sənəd hələ Ukrayna hökumətinə təqdim edilməyib və əlavə müzakirələr tələb edir. ABŞ-nin təşəbbüslərinin sürətləndiyi bildirilsə də, Kreml şərtlərini dəyişməyə hazır olduğuna dair siqnal vermir.
Senator Lindsi Qrem plan barədə məlumatının olmadığını desə də, ABŞ-nin Ukraynaya hərbi yardımda qətiyyət göstərməyəcəyi təqdirdə heç bir planın işləməyəcəyini vurğulayıb.
Axios-un məlumatına görə, sənəd dörd əsas istiqaməti əhatə edir: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropa təhlükəsizliyi və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri.
Seyranə QuliyevaMissiya.Az