AZ

Molla Nəsrəddinin arvadının qızılla doşab almağı və İranın siyasəti

“Molla Nəsrəddinin arvadı” ifadəsi İranda bəzi çevrələrdə qıcıq yarada bilər. Çünki İranda qadın mövzusundan sui-istifadəyə xüsusi meyl mövcuddur və xüsusilə Türkiyə–Azərbaycan kontekstində bu mövzulara eyham vurmaqdan zövq alırlar.

Qəzzada Donald Trampın Rəcəb Tayyib Ərdoğana “xanımınıza da salam deyərsən” ifadəsi buna nümunədir: həmin söz İranda geniş müzakirə olunmuşdu, üstüörtülü eyhamlarla, açıq interpretasiyalarla siyasi diskursun bir parçasına çevrilmişdi. Bu müzakirəni tədricən Azərbaycanın üzərinə də yönəldirdilər. Halbuki Mehriban xanım beynəlxalq səviyyədə tanınan fiqurdur və İranda kiminsə onun haqqında nə düşündüyünün nə ona, nə də Azərbaycan cəmiyyətinə aidiyyəti var. Türkiyənin birinci xanımı ilə bağlı eyhamlara Türkiyədən reaksiyanın gəlməməsi də diqqətdən qaçmadı. İran mövzunu bir qədər də uzatsaydı, yəqin ki, Azərbaycandan kimsə cavab verəcəkdi.

İranın yadına salmaq lazımdır ki, özlərinin məşhur “Mübarizlər” serialında Əmir Kəbirin həyat yoldaşı Xurşud xanım obrazı var və o, məhz “badımcan qurusu” ilə xarakterizə olunur. Əmir Kəbir rus səfirini evinə – Xurşud xanımın badımcan qurusu yeməyə dəvət edir. Bu simvolika Trampın Qəzzada dediyi sözlərdən xeyli əvvəl İran ictimai şüurunda aktual idi.

Bu məqalə isə İranın getdiyi təhlükəli istiqamətə həsr olunur. İran “rayon diplomatiyası”na başlayıb və Xəzəryanı ölkələrin region rəhbərlərinin Gilanın paytaxtı Rəşt şəhərində keçirilən tədbiri bunun nümunəsidir. Həmin tədbirdə Sistan və Bəlucistan ostanlarının rəhbərləri də iştirak edirdi. İran “Xəzərdən Fars körfəzinə” doktrinasını işə salmaq istəyir, Azərbaycanı və Xəzəri logistika marşrutu kimi təqdim edir. Azərbaycanın Xəzər logistikasında iki mühüm nöqtə var: Bakı və Astara. Hər iki rayonun rəhbəri tədbirə qatılmadı. Lənkəran və Neftçalanın icra başçıları isə iştirak edib çıxış etdilər.

İranın Xəzər anlayışı bütövlükdə anti-Azərbaycan xarakterlidir. İran qonşularla “dostluq” deyəndə, əslində bunu nəzərdə tutur: qonşuların içinə daxil olmaq, maksimum dərəcədə təsir göstərmək, daxili vəziyyətlərini öyrənmək və zərbə nöqtələri formalaşdırmaq. Azərbaycan artıq İranı yaxşı tanıyır. İranın Rusiya, Qazaxıstan və Türkmənistanla apardığı siyasət bizi birbaşa maraqlandırmır, lakin müzakirə predmetinə çevrilərsə, məsələ dəyişər. İranın əsas problemi sistemli anti-Azərbaycançılığıdır.

Hətta Rəşt–Astara dəmir yolunda belə maksimum ehtiyatlı olmaq lazımdır. Bəli, dəmir yolu Azərbaycanın maraqlarına uyğundur, lakin bu marşrut ətrafında İranın göstərdiyi mövqe Rusiyada müəyyən təəssüratlar yaradıb. Rusiya artıq Fars körfəzinə yanaşmasını dəyişir və Çabahardan deyil, Bəndər Abbasa qədər əlaqəni prioritet sayır. Bu, Rusiya üçün simvolik olaraq “tarixi Azərbaycan” mənası daşıyan coğrafiyadır: həmin limanı Səfəvilər dövründə Şah Abbas tikib. Rusiya İran ərazisində Bəndər Abbasa qədər təsirini gücləndirməyə çalışacaq.

İranın Xəzər mövzusunu aktivləşdirməsi Azərbaycanı sıxışdırmaq məqsədi daşıyırdı, lakin nəticədə zərbəni özü aldı. Burada Molla Nəsrəddinin arvadı misalı yerinə düşür: Doşab satan həyətə gəlir, arvadı əlavə doşab almaq üçün tərəzinin çəki yerinə öz boyunbağısını qoyur, doşab ağır gəlir. Fəxrlə məlum edir ki, guya əlavə doşab qazandı. Molla soruşur ki, boyunbağı hara getdi? Arvad cavab verir ki, doşab satan daşlarla birgə büküb götürdü. Bu gün İranın siyasəti də belədir: Rusiyanı aldatmaq, Azərbaycanı uzaqlaşdırmaq istəyir, amma nəticədə qat-qat böyük zərbə ilə üzləşir.

İndiki şəraitdə Azərbaycanın kənarda dayanması daha məqsədəuyğundur. İran nə vaxtsa “savadına qayıdarsa”, başa düşəcək ki, Azərbaycan bu variantdan bir dəfə istifadə edib və hazırkı situasiyada bu siyasət ona uğur gətirib.

İran hazırda elmi, savadı, rasional düşüncəni öz içindən qovub. İlk növbədə zərbə ağıla və savada tuşlanıb. İran siyasəti həm Allaha, həm İslama qarşı yönəlib; Allahın İrana münasibəti də göz qabağındadır. Anti-Azərbaycançılıq onların ağılı və savadı kənara atmasının əsas səbəblərindən biridir və bu xətt İran dövlətçiliyini yaxın illərdə demək olar ki, çökmə həddinə gətirib.

Azərbaycan Prezidenti vaxtilə İran–Rusiya münasibətlərində yaranan gərginliyi azaltmaq üçün üçtərəfli sammit ideyasını irəli sürmüşdü. Bu, Avrasiya materiki üçün mühüm sabitləşdirici layihə ola bilərdi: təhlükəsizliyin möhkəmlənməsi, problemlərin siyasi-diplomatik həlli üçün real model idi. İranın yürüdüyü siyasət həmin ideyanın reallaşmasına imkan vermədi.

İran böyük bir yalan və təxribat maşınıdır. Azərbaycanın Xəzərlə əlaqəli mövzulardan kənarda dayanması həm Rusiyanı özümüzə qarşı qaldırmamaq, həm də Tehran–Moskva qarşıdurmasında adımızın hallanmaması baxımından strateji əhəmiyyət daşıyır.

İranın Xəzər siyasətində ciddi uyğunsuzluqlar var. Bəndər-Abbas limanının son çıxış yeri kimi aktuallaşdırılması, İmişli–Parsabad dəmir yolunun Bəndər Abbasa çıxmalı olması ideyası da Tehranın özdüşüncəsi idi; məqsəd Azərbaycandan minimal keçid əldə etmək, tarixi Moskva–Tehran yolunun bərpasına mane olmaq.

Xəzər dənizinin səviyyəsi sürətlə enir və belə şəraitdə iri logistik layihələrin reallaşdırılması qeyri-mümkündür. Bu prosesin “təbii səbəb”dən çox, İranın səhv siyasətinə qarşı ilahi bir xəbərdarlıq kimi dəyərləndirilməsi də qeyri-real deyil.

Xəzərin hüquqi statusu da ciddi problemdir: İran 2018-ci il Aktau Konvensiyasını imzalasa da, ratifikasiya etməyib. Həmin sənəd Xəzərdə Rusiyanın hərbi üstünlüyünü hüquqi çərçivəyə salır. İran bunu ABŞ–NATO təhlükəsi ilə izah edirdi, amma əslində Türkiyəyə qarşı qısqanclıq vardı. Rusiya isə bu vəziyyətdən ustalıqla istifadə edə bilər. İran 7 il ərzində konvensiyanı ratifikasiya etsəydi, Rusiyanın oradakı üstünlüyünü adi gedişata çevirmiş olardı. Bu da edilmədi.

İran uzun müddətdir anti-Rusiya siyasəti yürüdür və bu xətt hələ də dəyişməyib. Belə situasiyada Azərbaycan Rusiya və İran arasında qalmamalıdır. İranın anti-Azərbaycan mövqeyi isə Azərbaycanın müstəqil siyasətinə təhdid yarada bilər. Belə vəziyyətdə Rusiya bizi özünün anti-İran layihələrinə cəlb edə bilər və bu dəfə Rusiya həqiqətə bir o qədər də uzaq olmaz, çünki problemlərin əsas mənbəyi İranın səhvləridir.

İran hazırda özünü göydə görür, lakin nə qədər yüksəlsə də, bir gün torpağa düşəcək və dizinə qədər bata bilər.

Talış mövzusu da İranın deyil, Rusiyanın alətidir. Rus olduqlarını iddia edən iranlı ekspertlər bu mövzunu gücləndirir. Əhməd Kazımi Tehrandan Urmiyaya qədər demək olar ki, bütün bölgələrdə anti-Azərbaycan mühazirələri verirdi. Ermənilərlə birlikdə 5-6 dildə anti-Azərbaycan məqalələri hazırlanırdı. Azərbaycanın hansı uğurlu təşəbbüsü olubsa, o, ona qarşı çıxmışdı. Ən pik nöqtə Boris Talışınskinin Astaraya gətirilməsi və orada tədbir keçirilməsi idi. Nəticədə Gilan vilayətində 40 nəfər həbs olundu. Nə separatçılıqla, nə Mossadla bağlı açıqlama verildi. Tədbirdə isə anti-Azərbaycan məzmun İran daxilində talışlarda dövlətçilik ideyasını gücləndirmişdi. Bu, həm anti-Azərbaycan, həm də anti-İran aksiyası idi.

Rusiya XİN rəhbəri Sergey Lavrovun son olaraq kürd mövzusu ilə bağlı bəyanatı iranlı siyasətçilərin yadında olmalıdır. Rusiya İraqla əlaqələrini genişləndirir; İraq ən böyük neft yatağını “Lukoil”in sərəncamına vermək istəyirdi, ABŞ sanksiyası mane oldu, indi isə İraq sanksiyaları ləğv etdirməyə çalışır. Rusiya Suriyaya quru yol açmalıdır – orada iki hərbi bazası var. Bu yol Əhməd Kazıminin marşrutudur: Astaradan Urmiyaya qədər olan ərazi Rusiya nəzarətinə keçmiş formatda düşünülür. Beləliklə, Rusiya İraq sərhədinə çıxır və ordan Suriyaya qədər maneəsiz yol əldə edir. Bütün bu zəncir İran siyasətçilərinin düşüncəsiz addımlarının nəticəsidir. Ali rəhbərin ətrafında bu cür “qoyun-quzu” siyasətçiləri çoxaldıqca İran daha da pis vəziyyətə düşür.

İranın ərazisi tarixən dəfələrlə 3-4 dövlətin təsir zonasına bölünüb. Bu, tarixdə ən azı üç dəfə təkrarlanıb. Bu gün də həmin dövrə yaxınlaşmalar İran rəhbərliyinin seçimləri və ətrafındakı düşüncəsiz kadrların fəaliyyəti ilə birbaşa bağlıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 16 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr