AZ

Media: ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq vəzifəsini tərk edir

Bakı, 20 noyabr, AZƏRTAC

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq yaxın aylarda vəzifəsini tərk etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilir ki, 81 yaşlı general-leytenant Kelloqun gələn ilin yanvar ayında xüsusi nümayəndə postunu tərk edəcəyi gözlənilir. Nəşrin qeyd etdiyinə görə, bu addım Kiyevin müharibəni əlverişli şərtlərlə başa çatdırmaq üçün apardığı diplomatik səylərə ciddi zərbə vuracaq.

“The Washington Post” da məlumatlı mənbələrə istinadla yazır ki, Kelloq yaxın aylarda ABŞ Prezidenti Donald Trampın administrasiyasını tərk edəcək.

Kelloqla birbaşa işləyən şəxslərdən biri qəzetə bildirib ki, o, özünü siyasi prosesdən kənarda qaldığını hiss etdiyini söyləyib.

Mənbələr vurğulayırlar ki, Kelloqun gedişindən sonra Kiyev Vaşinqtonda əsas müttəfiqlərindən birini itirmiş olacaq.

Kelloqun istefası barədə xəbərlər, medianın ABŞ və Rusiyanın Ukraynadakı vəziyyətin həlli üçün yeni plan hazırladığını bildirməsindən sonra yayılıb.

Seçilən
29
2
azertag.az

2Mənbələr