AZ

BMT 2026-cı il Qış Olimpiadası üçün olimpiya atəşkəsi barədə qətnamə qəbul edib

Sənəd idmançıların təhlükəsiz gəlişi, iştirakı və idmanın sülh vasitəsi kimi dəstəklənməsini nəzərdə tutur…

Poliqon xəbər verir ki, BMT Baş Assambleyası 2026-cı ildə Milan və Kortina-d’Ampezzoda keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunları dövründə olimpiya atəşkəsinə çağıran qətnaməni konsensusla qəbul edib. “Planetdə daha xoşbəxt həyat və sülhün möhkəmləndirilməsi üçün idman və olimpiya ideallarının təşviqi” adlı sənəd üzv dövlətlərin heç bir etirazı olmadan qəbul olunub.

Səsvermədən əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri dövlətləri idmanla siyasəti ayırmağa çağırıb: “Biz birlikdə çalışmalı və idmanı siyasətdən kənar saxlamalıyıq. Bu o deməkdir ki, idmançılar viza problemləri və ya siyasi səbəblər üzündən evdə qalmaq təhlükəsi ilə üzləşmədən ev sahibi ölkələrə gələ bilməli və yarışlarda iştirak etməlidirlər”.

Doqquz bənddən ibarət qətnamənin əsas maddəsi Oyunların başlanmasına yeddi gün qalmış qüvvəyə minən və Paralimpiya Oyunlarının bağlanmasından yeddi gün sonra başa çatan olimpiya atəşkəsinin tam şəkildə təmin edilməsinə çağırışdır. Həmçinin sənəd idmançıların, rəsmilərin və akkreditasiyadan keçmiş bütün şəxslərin təhlükəsiz hərəkətinin və yarışlara çıxışının təmin edilməsini vurğulayır.

Qətnamə dövlətləri BOK və Beynəlxalq Paralimpiya Komitəsi ilə birgə əməkdaşlığa dəvət edir. Məqsəd idmanı sülhə, dialoqa, dözümlülüyə və münaqişə zonalarında barışığa töhfə verən vasitə kimi təşviq etməkdir. Bu çağırış həm Oyunlar dövrünü, həm də onlardan sonrakı mərhələni əhatə edir.

Sənəd beynəlxalq idman yarışlarının siyasi gərginliyə baxmayaraq neytrallığını qorumaq və idmançıların təhlükəsizliyini təmin etmək istiqamətində mühüm addım hesab olunur.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr