AZ

FT: Ukrayna üzrə yeni sülh planının müəlliflərindən biri Kirill Dmitriyevdir...

Sənəd Kiyevə Uitkoff vasitəsilə təqdim edilib və Kremlin maksimum tələblərinə tam uyğun gəlir...

Poliqon xəbər verir ki, Financial Times mənbələri ABŞRusiya rəsmilərinin iştirakı ilə hazırlanmış yeni sülh planının arxasında duran əsas fiqurlardan birinin Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev olduğunu açıqlayıb. Mənbələrin sözlərinə görə, plan hələ də işlənmə mərhələsindədir və 28 maddədən ibarət geniş sənəd şəkildə təqdim olunub.

Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff planı Kiyevə şəxsən çatdırıb. Uitkoff ötən günlərdə Mayamidə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşərək sənəddəki əsas bəndləri müzakirə edib. Görüş barədə məlumatlı olan iki mənbə bildirir ki, Uitkoff Zelenski administrasiyasına planın qəbul edilməsini açıq şəkildə tövsiyə edib, baxmayaraq ki, sənəddə Ukrayna üçün uzun müddətdir “qırmızı xətt” hesab edilən maddələr də var.

Danışıqlara yaxın mənbələrdən biri deyib ki, bu şərtləri qəbul etmək Ukraynanın faktiki olaraq öz suverenliyindən imtina etməsi demək olar. O, Rusiya tərəfinin bu prosesdən Tramp administrasiyasına təsir göstərmək və Vaşinqtonun “proqres nümayiş etdirmək” istəyindən istifadə etməyə çalışdığını bildirib.

Mövzuya bələd olan Rusiya mənbəsi isə planı “real və praktiki təkliflərlə yanaşı, xeyirxah niyyətlərin qarışığı” adlandırıb və vurğulayıb ki, sənədin bir çox hissəsi Ukrayna tərəfindən qətiyyən qəbul edilə bilməz.

Kiyevdə sənədlə tanış olan rəsmilər bildiriblər ki, plan Kreml tərəfindən irəli sürülmüş maksimalist tələblərə tam uyğundur və ciddi dəyişiklik edilmədiyi halda Ukraynada həyata keçirilməsi mümkünsüzdür. Onların sözlərinə görə, sənəd Ukraynanın ərazi bütövlüyü və təhlükəsizlik doktrinası ilə ziddiyyət təşkil edir.

Bununla belə, proseslə əlaqədar digər bir mənbə daha nikbin mövqe sərgiləyərək iddia edib ki, ABŞ tərəfi Moskvanı danışıqların başlanması üçün nə istədiyini aydın şəkildə ifadə etməyə məcbur edir. Onun fikrincə, bu, Rusiyanın real tələblərini açıq şəkildə üzə çıxarmaq və prosesi strukturlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.

Hazırda planın rəsmi şəkildə təqdim edilməsi gözlənilmir, lakin Vaşinqtonun Ukrayna və Rusiya ilə paralel kanallarda intensiv danışıqları davam etdirdiyi bildirilir. Sülh sənədinin bəzi bəndlərinin yaxın həftələrdə daha geniş şəkildə müzakirəyə çıxarılması mümkündür.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr