Ukrayna energetika nazirinin birinci müavini Artem Nekrasov qurumun rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, müvafiq sərəncam hökumətin çərşənbə günü keçirilən iclasında təsdiqlənib.
"Ölkə və sahə qarşısında bütün məsuliyyəti dərk edirəm. Biz Ukrayna tarixində ən çətin istilik mövsümünün aktiv mərhələsinə daxil olmuşuq. Buna görə də təxirəsalınmaz vəzifələr arasında enerji sisteminin sabit işləməsini təmin etmək, proseslərin şəffaflığını artırmaq, etimadı bərpa etmək, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq qurmaq, zədələnmiş enerji obyektlərinin təmiri və bərpası üçün resursların cəlb olunması dayanır", – deyə Nekrasov bildirib.
O əlavə edib ki, hökumət və Ali Rada yeni nazirin namizədliyini müəyyən edənədək qarşıdakı çağırışlarla mübarizə aparmaq üçün bütün səylərini göstərəcək.