Rusiya Daxili İşlər nazirinin müavini Andrey Kikot qohumlarının adına ümumi dəyəri 1 milyard rubldan artıq olan şirkətlər və daşınmaz əmlak rəsmiləşdirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiyanın müxalifyönlü Korrupsiya ilə Mübarizə Fondu (FBK) aşkara çıxarıb.
Qeyd edək ki, prezident Vladimir Putinin sərəncamına uyğun olaraq, həmin polis general-polkovniki bu ilin aprelindən miqrantlarla məşğul olan vətəndaşlıq və əcnəbilərin qeydiyyatı məsələləri üzrə xidməti rəhbərlik edir.
FBK-nın aşkarladığı məlumata görə, nazir müavini Kikotun həyat yoldaşı Yelena Kikot (Barqane) və anası Qalina Qomzininin adına “Enerqostroytex” MMC və “Est-Monolit” MMC adlı şirkətlər rəsmiləşdirilib. Bu şirkətlərdən ən azı biri “prokladka” (aralıq saxta firma) kimi fəaliyyət göstərir — real iş görmür, yalnız podratlardan faiz “qoparır”.
Belə ki, “Est-Monolit”in yeganə müştərisi milyarder Maksim Şubaryevə (Forbes dəyəri – 1,1 milyard dollar) məxsus Setl Group adlı iri tikinti şirkətidir. Bu şirkət Sankt-Peterburqda genişmiqyaslı tikinti aparır və çoxlu sayda — o cümlədən qeyri-leqal — miqrant işçi qüvvəsindən istifadə edir.
2024-cü ildən etibarən Kikotla bağlı olan firma Setl Group-un törəmə şirkəti “Sétl Stroy”dan ümumi dəyəri 1,2 milyard rubl olan təxminən 100 podrat alıb. Bu müqavilələrin hər birindən “Est-Monolit” real iş görmədən 3%-dən 10%-ə qədər komisyon götürüb. Nəticədə şirkətin hesabına 66 milyon rubl köçüb.
Bu vəsaitdən 19,6 milyon rubl səkkiz nəfərlik salonlu lüks Mercedes miniveninin alınmasına xərclənib. Qalan vəsait isə Kikotun həyat yoldaşına dividendlər və ya “borcun qaytarılması” adı ilə ödənilib. Həmçinin şirkətin adına Cadillac Escalade də rəsmiləşdirilib.
Musavat.com