AZ

İrandan güzəşt mesajı: Rəsmən geri çəkilirlər

BAKI, 19 noyabr. TELEQRAF

İran uranın zənginləşdirilməsinin tam dayandırılmasını nəzərdən keçirir, bu, Tehranın ABŞ ilə nüvə mübahisəsində kompromis həlli qəbul edə biləcəyi ehtimalını göstərir.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Mənbə İran hökumətinin sözçüsü Fatimə Mohaceraniyə istinadla bildirib ki, hazırda uranın zənginləşdirilməsi prosesi aparılmır və milli maraqlara uyğun olaraq zənginləşdirmənin tam dayandırılması ehtimalı nəzərdən keçirilir.

Qeyd olunub ki, məsələyə baxan qurumlar - ölkənin Atom Enerjisi Təşkilatı, Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurası İran üçün ən doğru qərarı verəcəklər.

İranın Ali rəhbəri Əli Xameneiyə yaxın yüksək vəzifəli şəxs də söyləyib ki, Tehran Donald Tramp administrasiyası ilə nüvə danışıqlarını yenidən başlatmağa hazırdır: “İran zənginləşdirmə səviyyəsini azaltmaq barədə də danışıqlara hazır olacaq”.

Hazırda İranda nüvə mübahisəsi ilə bağlı beynəlxalq sanksiyalar səbəbindən tarixi iqtisadi böhran yaşanır. Milli valyuta rialın dəyəri demək olar ki, hər gün aşağı düşür, inflyasiya isə rekord sürətlə artır.

Ekspertlər hesab edirlər ki, Tehran nüvə layihələrinə davam etməkdə israr etsə, bu milli maraqlarla uzlaşmayacaq və iqtisadi çöküşə gətirib çıxara bilər. Mənbə əlavə edib ki, nüvə mübahisəsinə siyasi həll yolu yeganə seçimdir, bu həm iqtisadi çöküş, həm də potensial sosial narahatlıqların qarşısını ala bilər.

Seçilən
15
teleqraf.com

1Mənbələr