ain.az, Bizimyol saytına istinadən bildirir.
Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda bildirib ki, Mərkəzi Asiya ABŞ üçün prioritet bölgədir. Herbst qeyd edib ki, Prezident Tramp özünü sülh təsisçisi kimi təqdim edir: “Məncə, onun buna haqqı var. Donald Tramp 9 münaqişə üzərində işləyir ki, onlardan biri də Azərbaycan-Ermənistan məsələsidir. ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir. Təsadüfi deyil ki, Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra Bakıda toplaşmışıq. Tezliklə bu platforma Azərbaycanın qoşulması ilə C6+1 olacaq”.Azərbaycanın C5+1-ə qatılması ona nə qazandıracaq?
Poitoloq Tural İsmayılov Bizimyol.info portalına açıqlamasında bildirib ki, C5+1 platforması ABŞ-ın Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlığı gücləndirmək məqsədilə qurduğu dialoq formatıdır: “Bu platforma beş əsas Mərkəzi Asiya dövləti – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə ABŞ arasında strateji və iqtisadi, həmçinin təhlükəsizlik sahələrində əməkdaşlığı əhatə edir. Azərbaycan qoşulduqda, C6+1 formalaşacaq və regionun geosiyasi xəritəsində ölkəmizin rolu yeni mərhələyə keçəcək”.
Tural İsmayılov
Politoloqun sözlərinə görə, Azərbaycanın qoşulması həm strateji, həm də iqtisadi baxımdan bir sıra üstünlüklər gətirir: “Əvvəla, bu, ölkəmizin Mərkəzi Asiya və ABŞ arasında bir körpü kimi mövqeyini gücləndirəcək. İkincisi, enerji və nəqliyyat layihələrində daha sıx inteqrasiya imkanları yaranacaq. Üçüncüsü, bu platforma vasitəsilə regional təhlükəsizlik məsələlərində, o cümlədən münaqişələrin həlli və terrorizmə qarşı mübarizədə təcrübə mübadiləsi mümkündür”.
“ABŞ-la daha sıx əməkdaşlıq Bakı üçün diplomatik üstünlüklər də təmin edəcək. C5+1-in Azərbaycanla C6+1 forması almaq perspektivi ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda balanslaşdırılmış siyasət yürütməyə imkan verir. Azərbaycanın qoşulması həmçinin Mərkəzi Asiya ilə birbaşa iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə, sərmayələrin cəlb olunmasına stimul verəcək”-deyən politoloq hesab edir ki, bununla yanaşı, belə bir addım Azərbaycanın regional müstəvidə sülh təşəbbüslərində daha aktiv iştirakına zəmin yaradacaq. C6+1-in yaradılması həm də ABŞ-ın regiondakı strateji maraqlarının və təhlükəsizlik təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək. Bakı bu platforma çərçivəsində həm enerji, həm də nəqliyyat layihələrini beynəlxalq standartlara uyğunlaşdıra və həmçinin rəqabət qabiliyyətini artıraraq regional layihələrdə prioritet tərəfdaş mövqeyini möhkəmləndirə bilər. Bu, həm də Bakının Cənubi Qafqazda və Mərkəzi Asiyada strateji əhəmiyyətini artırır. Platforma həmçinin Azərbaycanın diplomatik və siyasi səylərinin beynəlxalq səviyyədə tanınmasına töhfə verəcək. Nəticə olaraq, Azərbaycan C5+1 platformasına qoşulduqda həm strateji, həm diplomatik, həm də iqtisadi sahədə əhəmiyyətli üstünlüklər əldə edəcək. Bu, regional inteqrasiyanın dərinləşməsi, ABŞ və Mərkəzi Asiya ilə daha sıx əməkdaşlıq və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımdan da əlamətdar olacaq”,-deyə Tural İsmayılov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.