AZ

Deputat: “2026-cı ilin büdcəsi sosial yönümlü və makroiqtisadi sabitliyin göstəricisidir”

“2026-cı il dövlət büdcəsinin əsas məqsədi sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunun davamlı artımının təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsidir.”

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Soltan Məmmədov bildirib.

O qeyd edib ki, həm 2025-ci ilin sosial-iqtisadi göstəriciləri, həm də 2026-cı ilə dair proqnozlar ölkədə makroiqtisadi sabitliyin möhkəm şəkildə qorunduğunu təsdiqləyir.

Deputatın sözlərinə görə, gələn il ÜDM-in 134,1 milyard manata çatacağı və 2,9% artacağı gözlənilir ki, bu da iqtisadi artımın davamlı xarakter daşıdığını göstərir.

O vurğulayıb ki, səhiyyə xərclərinin tarixi səviyyədə artırılması, icbari tibbi sığorta zərfinin genişləndirilməsi və dövlət proqramlarının sığorta fondu çərçivəsində maliyyələşdirilməsi sosial yönümlü dövlət siyasətinin nəticəsidir. 2026-cı ildə səhiyyə xərclərinin 2025-ci illə müqayisədə 30,7 milyon manat, 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat artacağı qeyd olunub. Dövlət büdcəsinin xərcləri strukturunda səhiyyənin payının 4,9%-ə yüksəlməsi də müsbət hal kimi dəyərləndirilir.

Deputat əlavə edib ki, sosial yönümlü yanaşmanın davamı olaraq gələn ilin dövlət büdcəsi xərclərinin 41%-i sosial sahələrə yönəldilib. Sosial müdafiə fondları üzrə həm gəlirlərin, həm də xərclərin artması, işsizliyə görə sığorta ödənişlərinin 6% artırılması da əhalinin rifahına yönəlmiş addımlardır.

Soltan Məmmədov çıxışı zamanı təmsil etdiyi Xəzər rayonunda içməli su təchizatı, qrun və tullantı sularının idarə olunması ilə bağlı məsələlərin diqqətə ehtiyac duyduğunu deyib. O, Buzovna, Şağan və Mərdəkan qəsəbələrində yeraltı suların idarə olunması sistemlərinin təkmilləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb. Rayonun turizm potensialını və yeni yaşayış massivlərinin artımını nəzərə alaraq, deputat 2026-cı ilin dövlət büdcəsində bu infrastruktur layihələri üçün məqsədli büdcə fondlarından vəsait ayrılmasını hökumətdən xahiş edib.

Seçilən
26
operativmm.az

1Mənbələr