"Təmsil etdiyim Lənkəran rayonunda cari ildə bir neçə iri miqyaslı infrastruktur layihələrinin başlanması üçün sərəncamlar verilib, 2026-cı ilin dövlət büdcəsində vəsait ayrılıb. Onlardan biri şəhərin kanalizasiya sisteminin yenidən qurulması üçün 200 milyon manat vəsaitin ayrılması, digəri isə İqtisadiyyat Nazirliyinin yeni proqramı olan Dövlət-Özəl Tərəfdaşlığı proqramı çərçivəsində məişət tullantılarının utilizasiyası zavodunun inşasıdır. Həmçinin, yeni peşə məktəbinin inşasını və Hirkan-Biləsər yolu üçün 1 milyon 500 min manat vəsaitin ayrılmasını qeyd etmək istərdim".
Redaktor.az xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə parlamentdə büdcə zərfinin müzakirəsi zamanı bildirdi.
O, həmçinin dedi ki, Lənkəran rayonun Daşdatük kəndində bu körpü məktəbə aparan yoldur və keçən il sel nəticəsində bu körpü dağılıb, uşaqların məktəbə getməsində çətinliklər yaranıb.
"Yerli icra hakimiyyəti bu məsələ ilə bağlı mərkəzi icra orqanlarına müraciət edib. Xahiş etmək istərdim ki, bu məsələni növbəti ilin büdcəsində, büdcəsinə əlavə edəsiniz və prioritet layihə kimi saxlamaqda köməklik göstərəsiniz", - deyə F.İsmayılzadə hökumətə çağırış etdi.
Aminə ŞAHSUVARQIZI