AZ

Mütəxəssis saytların çökməsindən danışdı: “Burada sərt planlaşdırma aparıla bilməz”

“Texnoloji məsələlərlə bağlı, təəssüflər olsun, birmənalı deyə bilmərik ki, problem yaşana bilməz. Dünyanın nəhəng texnoloji şirkətlərinin məhsullarında belə dayanmalar, fasilələr müşahidə edirik. İstər "Votsap", istər "Feysbuk" və digər xidmətlərdə. İnternetlə bağlı avqust ayında Azərbaycanda da kiçikmüddətli DoS hücumlarla bağlı problem olmuşdu. Yəni belə halların yaşanması normaldır. Texnologiya elə məsələdir ki, burada sərt planlaşdırma ola bilmir. İstənilən halda müəyyən xətaların, nöqsanların üzə çıxması labüddür. Əsas məsələ budur ki, problem ortaya çıxanda servisin yenidən onlayn olması üçün nə qədər zaman tələb edilir? Yaxud nöqsanların təkrarlanma faizi nə qədərdir? Bu göstəricilər daha çox əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, “Cloudflare”  servisi veb üzərindən xidmətlər göstərən servisidir və müxtəlif məqsədlər üçün istifadə olunur. Azərbaycanda veb saytların keşlənməsi və sürətli işləməsi üçün bir çox administratorlar, inzibatçılar servisə qoşulurlar. Həqiqətən də, üstünlükləri var. Gördüyümüz kimi, Amerika şirkəti olsa belə, qlobal səviyyədə çalışan böyük bir nəhəngin müxtəlif regionlar üzrə paylaşdığı bir infrastrukturu mövcuddur. Amsterdamda baş verən bir qəza Azərbaycanda, o cümlədən digər ərazilərdə öz fəsadını göstərdi. Düşünürük ki, saytımızı ora bağlamasaq, nə olacaq? Yenə də eyni qaydada çalışacaq. Sadəcə, keyfiyyətində və sürətində müəyyən problemlər ola bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev deyib.

 

O bildirib ki, özəl sektorda könüllülük prinsipi ilə qlobal servisə qoşulma baş verir: “Dövlət strateji infrastrukturunda, kritik infrastrukturda, yaxud “AzStateNet” şəbəkəsində heç bir problem yaşanmayıb. Çünki onlar bu servislərdən istifadə etmirlər. Kritik infrastruktur hər hansı servisə qoşulmaq üçün özbaşına qərar verə bilməz. Bunun üçün xüsusi nəzarətedici və tənzimləyici qurumlar özləri prosesi tənzimləyirlər. O cümlədən Elektron Təhlükəsizlik Xidməti bununla bağlı tövsiyələr verə bilir. Hazırkı servisdən imtina edib, hansısa başqa analoqu ilə çalışmaq istəyiriksə, heç kim zəmanət verə bilməz ki, A şirkətindən imtina edib, B şirkətinə keçdikdə onun da şəbəkəsində, infrastrukturunda bu cür problemlər yarana bilməz. Yaxud yerli bir analoq yaratsaq, yenə də heç kim zəmanət verə bilməz. Sadəcə, pis və ən pis ssenari arasında seçim etmək lazımdır. Biz də görürük ki, ilk dəfədir, bu qədər müddət ərzində platformada belə hal yaşanır, lakin qısa müddətdə aradan qaldırıldı. Nəzər salsaq, görərik ki, bu cür miqyasda yox, kiçik miqyaslı profilaktik tədbirlərin aparılması ilə bağlı “Cloudflare” özü məlumatlandırma etmişdi. Yəni bu, planlaşdırılan işlərin görülməsi zamanı baş verən əks göstərişlərdir. Bundan sığortalanmaq üçün inzibatçılar vaxtında servisin fəaliyyətindən müvəqqəti imtina etsəydilər, klassik qaydada saytlar fəaliyyət göstərsəydi, heç bir problem müşahidə olunmayacaqdı”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Noyabr 2025, 15:29   
Seçilən
35
pravda.az

1Mənbələr