“Cari ildə qlobal iqtisadi artım nisbətən zəifləyib, inflyasiya isə daha aşağı templərlə azalıb”.Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.AMB sədri bildirib ki, Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatına görə, qlobal iqtisadi artımın 2025-ci ildə 3.2%, 2026-cı ildə isə 3.1% olacağı proqnozlaşdırılır:“Həmin hesabatda qlobal inflyasiya proqnozu 2025-ci il üçün 4.2% səviyyəsində saxlanılır, 2026-cı ildə isə 0.1 faiz bəndi artırılaraq 3.1% səviyyəsində müəyyən edilir”.T.Kazımov əlavə edib ki, əsas ticarət tərəfdaşlarımızda illik inflyasiya ötən ilin sonundakı 11% göstəricisi ilə müqayisədə bu ilin sentyabr ayında 8.2% təşkil edib:“Həmçinin ABŞ dolları indeksinin ilk 10 ayda 8% zəifləməsi müşahidə olunub.Yeni qlobal reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin ilk 10 ayında ölkə iqtisadiyyatında artım davam edib. Ümumi iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. 2025-ci ilin yanvar-oktyabr aylarında ÜDM qeyri-neft-qaz sektorunda 3.1% artıb. Bu artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrində qeydə alınıb.Mərkəzi Bankın iqtisadi artım proqnozuna əsasən, 2025-ci ilin sonunda ümumi ÜDM-in artımı 2.2%, 2026-cı ilin sonunda isə yenə 2.2% olacaq. Qeyri-neft-qaz ÜDM-nin artımı bu ilin sonunda 3.7%, növbəti ildə isə 4.4% səviyyəsində proqnozlaşdırılır.2025-ci ilin ilk 10 ayı üzrə xarici ticarət balansı – cari əməliyyat balansının əsas komponenti – 2.4 milyard ABŞ dolları təşkil edərək müsbət olub. Xatırladaq ki, 2025-ci ilin ilk 6 ayı üzrə xarici ticarət balansı 2.3 milyard dollar idi və bu rəqəm ÜDM-in təxminən 6.4%-inə bərabərdir. Mərkəzi Bankın proqnozlarına görə, cari əməliyyatlar balansının 2025-ci ilin sonunda 3.7 milyard ABŞ dolları səviyyəsində formalaşacağı gözlənilir.Qeyd olunanlar makroiqtisadi sabitliyin qorunmasına və strateji valyuta ehtiyatlarının artmasına imkan yaradıb. Ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayı ərzində 16.2% artaraq dövrün sonunda 82.5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici tarixi maksimumdur və ölkənin iqtisadi gücünü, həmçinin maliyyə dayanıqlılığını əks etdirir.Mərkəzi Bankın valyuta ehtiyatları isə oktyabr ayının sonunda 11.4 milyard ABŞ dollarına çatıb ki, bu da son üç ildə 45.7% artım deməkdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalını tam qarşılayacaq səviyyədədir”. (oxu.az)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


