Son günlər təhsil sektorunda ən çox müzakirə olunan mövzulardan biri müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçidi və bunun əməkhaqqı sisteminə mümkün təsirləridir. Təhsil sahəsində struktur dəyişiklikləri adətən həm maliyyə yükü, həm də kadr siyasətinə təsir baxımından ciddi qiymətləndirmə tələb edir. Bu çərçivədə yeni mexanizmin tətbiqi ilə bağlı əsas sual dövlət büdcəsinə düşəcək əlavə xərclərin həcmi və dəyişikliklərin real maaş artımı ilə nəticələnib-nəticələnməyəcəyidir. Məhz bu kontekstdə iqtisadçı ekspert Eldəniz Əmirov məsələnin maliyyə tərəflərini izah edərək ehtimal olunan modelləri açıqlayıb.
İqtisadçı ekspert Eldəniz Əmirov Editor.az-a açıqlamasında bildirib ki, müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçidi ilə bağlı ən kritik məqam əmək haqqı fondunda baş verəcək dəyişikliklərin miqyasıdır. Onun sözlərinə görə, yeni mexanizmin tətbiqi 146 min müəllim üçün ayrılan ümumi əməkhaqqı vəsaitinin nə qədər artacağı sualını aktuallaşdırır:

“Məsələnin həllində əsas rol iqtisadi amillər – yəni maliyyə imkanları oynayır. Buna görə də ilk növbədə əmək haqqı fondunun taleyi aydınlaşmalıdır. Tutaq ki, hazırda ümumi təhsil müəssisələrində çalışan 146 min müəllim üçün illik təxminən 1 milyard manatlıq maaş fondu mövcuddur. 8 saatlıq iş rejiminə keçidlə bu rəqəm 1,2 milyard və ya 1,3 milyard manat olacaqmı? Yoxsa ümumi məbləğ dəyişməyəcək?”.
Əmirov vurğulayıb ki, 8 saatlıq mexanizm iki maliyyə modelinə əsaslana bilər: “Birinci model əmək haqqı fondunun real artırılmasını nəzərdə tutur. Bu halda heç bir müəllimin maaşı azalmaz, 8 saat işləyəcək müəllimlərin məvacibi isə əlavə büdcə vəsaiti hesabına yüksələr. Bu, təhsil sisteminin maliyyə yükünü artırsa da, real maaş artımı deməkdir. İkinci modeldə isə fondun həcmi dəyişmədən daxili bölgü yenilənir. Yəni 8 saatlıq rejimə keçməyən müəllimlərin maaşı qismən azaldıla bilər və həmin vəsait rejimə keçənlərə yönləndirilər. Bu isə real yox, statistik artım effekti yaradar. Ekspert bildirir ki, hazırkı şəraitdə maaşların azaldılması ehtimalı çox aşağıdır və bu model praktik baxımdan real görünmür”.
Eldəniz Əmirov əlavə edib ki, real maaş artımı nəzərdə tutan birinci model tətbiq ediləcəksə, dövlət büdcəsinin mövcud çərçivəsi nəzərə alınmalıdır:
“Məsələn, gələn ilin dövlət büdcəsində ümumi xərclər cəmi 0,3 faiz, təhsil xərcləri isə 1,6 faiz artıb. Bu dinamika fiskal siyasətin daha ehtiyatlı və balanslı aparıldığını göstərir. Belə bir şəraitdə müəllimlərin əmək haqqı fondunu əhəmiyyətli dərəcədə artırmaq real olaraq çətin olacaq”.
Onun fikrincə, təklif konseptual baxımdan müzakirəyə açıq olsa da, məhz indiki fiskal imkanlar fonunda belə bir mexanizmin tətbiqi optimal zamanlama kimi görünmür.
//Gülnarə Abasova, Editor.az