Yeni Klinikada 17 Noyabr – Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan simpozium keçirilib.
Simpoziumda TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Yeni Klinikanın direktoru Barat Yusubov, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Rüstəm Hüseynov, eləcə də müxtəlif tibb müəssisələrindən olan həkim-mütəxəssislər və vaxtından əvvəl doğulmuş körpələrin valideynləri iştirak ediblər.
İcraçı direktorun müavini Anar İsrafilov çıxış edərək ölkəmizdə neonatologiya xidmətinin inkişafı, vaxtından əvvəl doğulan körpələrin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin prioritet olduğunu bildirib.
Nelli Veysova qeyd edib ki, yeni doğulan körpələrin, o cümlədən vaxtından əvvəl doğulanların ehtiyac duyduğu əsas müayinələr, habelə ana və dölün sağlamlıq vəziyyətinin monitorinqi, laborator və instrumental diaqnostik prosedurlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təmin edilir.
Barat Yusubov tibb müəssisəsinin Neonatologiya şöbəsində yüksək ixtisaslı həkimlərin, təcrübəli tibb bacılarının və müasir tibbi avadanlıqlarla təchiz olunan reanimasiya şəraitinin mövcud olduğunu və bu imkanlar sayəsində vaxtından əvvəl doğulan körpələrə ən yüksək səviyyədə tibbi yardım göstərildiyini bildirib.
Rüstəm Hüseynov qeyd edib ki, vaxtından əvvəl doğulan körpələrin həyatının xilas edilməsi ilə yanaşı, onların gələcək inkişafının diqqətdə saxlanılması, erkən reabilitasiya və multidisiplinar yanaşma böyük əhəmiyyət daşıyır.
Gülnar Nuriyeva Neonatologiya şöbəsinin bütün əməkdaşlarına dərin təşəkkürünü bildirərək onların peşəkarlığı, diqqəti və sonsuz fədakarlığı sayəsində saysız-hesabsız balaca ürəklərin sağlam həyata qovuşduğunu deyib.
Şöbənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verən Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev neonatologiyanın hər şeydən əvvəl böyük səbir, fədakarlıq və mərhəmət tələb edən, eyni zamanda bilik və bacarıqların daim yenilənməsini zəruri edən bir sahə olduğunu qeyd edib.
Tədbir çərçivəsində şöbənin fəaliyyətinə dəstək göstərən hər kəsə təşəkkür plaketləri təqdim olunub. Eyni zamanda şöbədə müalicə alan vaxtından əvvəl doğulmuş körpələrə və onların valideynlərinə hədiyyələr təqdim edilib.
Simpoziumun bədii hissəsində uşaq rəqs ansamblı öz ifası ilə çıxış edib.
Daha sonra simpoziumun elmi hissəsində TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin əməkdaşı Vəfa Hacıyeva, Respublika Perinatal Mərkəzin həkim-neonatoloqu Güləndam Abdullayeva, Yeni Klinikanın Neonatologiya şöbəsinin tibb bacısı Təranə Rzayeva, Yeni Klinikanın həkim-neonatoloqları Könül Əliyeva, Cəmilə Əhmədova, Mərkəzi Klinik Xəstəxananın həkim-neonatoloqu Aydan Şahbazzadə-Əhmədli çıxış ediblər.
Çıxışlar zamanı TƏBİB tabeli müəssisələrdə vaxtından əvvəl doğulmuş körpələr üçün müasir imkanlar, vaxtından əvvəl doğulmuş körpələrin yaşamasında neonatal xidmətin önəmi və müalicədə əsas yanaşmalar, vaxtından əvvəl doğulmuş körpələrin reanimasiyadan sonrakı izləmi və fiziki inkişafları, tibb bacısının baxışı – vaxtından əvvəl doğulmuş körpələrin qulluq və nəzarətində diqqət edilməli məqamlar, NRP təlimi (Neonatal Reanimasiya Protokolu) mövzuları üzrə geniş təqdimatlar müzakirə olunub.
İnteraktiv formada keçirilən elmi hissə sual-cavab sessiyası ilə yekunlaşıb.






















