AZ

Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkətin təşkili dəyişir

Bakının Binəqədi rayonunun Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata əsasən, Agentlik tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb.

Təhlillərə əsasən, hazırda Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, "Ekologiya postu"nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarır. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyil.

Həyata keçirilən layihə çərçivəsində sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanacaq. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksi istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə edə biləcək.

Layihəyə əsasən, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq.

Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq, nişanlanma xətləri təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
10
olaylar.az

10Mənbələr