
Səudiyyə Ərəbistanı ABŞ-ni özünün əsas strateji tərəfdaşı kimi tanıyacağını açıqlayıb.
Missiya.Az xəbər verir ki, razılaşmaya əsasən, krallıq F-35 hərbi təyyarələri və 300-ə yaxın ABŞ istehsalı tank alacaq, həmçinin Amerika müdafiə şirkətlərinin ölkədə fəaliyyət göstərməsi üçün daha əlverişli şərait yaradılacaq.
Ağ Ev bildirir ki, imzalanmış yeni strateji müdafiə sazişindən sonra Ər-Riyadın ABŞ iqtisadiyyatına yatıracağı sərmayələrin həcmi təxminən 1 trilyon dollara çatdırılacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl Səudun Vaşinqtona səfəri çərçivəsində Ağ Evdə ölkəni NATO üzvü olmayan əsas müttəfiqlər sırasına daxil etdiyini bildirib. “Biz hərbi əməkdaşlığımızı yeni mərhələyə qaldırırıq. Bu, sizin bu gün qazandığınız daha bir qələbədir”, – Tramp vurğulayıb.
Seyranə QuliyevaMissiya.Az