AZ

Dövlətin 30 illik qayğısına kölgə salan məsuliyyətsiz iddialar təəssüf doğurur » AzadMedia.az



Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri


Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan və geniş müzakirələrə səbəb olan Zəngilan rayon sakini Yaşar Cəfərovun videomüraciəti cəmiyyətimizdə təəssüf və təəccüb doğurdu. Video izləmək imkanı olmayanlar üçün xatırladım ki, həmin şəxs müharibə dövründə qaçqın düşərkən ona dəyən zərərin və itirdiyi əmlakın dövlət tərəfindən kompensasiya olunmasını tələb edir.

Əlbəttə, hər bir vətəndaşın öz hüquqlarını dilə gətirməsi normaldır. Lakin məsələnin məntiqi tərəfi ondan ibarətdir ki, artıq 30 ilə yaxın müddətdə dövlət məcburi köçkünlərə misilsiz dəstək göstərib: kommunal güzəştlər, təhsil imtiyazları, sosial təminat paketləri, müavinətlər, yaşayış yerlərinin təşkil olunması və digər geniş miqyaslı proqramlar minlərlə ailənin yükünü yüngülləşdirib. Övladları, nəvələri yüksək balla ödənişli ali məktəblərə düşdüyü halda, məcburi köçkün statusuna görə ödənişsiz təhsil alanlar, “çörəkpulu”ndan tutmuş digər sosial paketlərə qədər saysız yardım alanlar bunu yaxşı bilirlər.

Bu illər ərzində dövlətin yaratdığı dəstək mühiti bəzən təəssüf ki, sui-istifadə hallarına da yol açıb: başqasının evini zəbt edərək kirayə verənlər, ev sahibindən rüşvət tələb edənlər, imtiyazlardan sui-istifadə edərək özünü “zərərçəkmiş” kimi təqdim edənlər də olub. Bu kimi hallar bütövlükdə məcburi köçkün siyasətinin mahiyyətinə kölgə salmağa xidmət edir.

Yaşar Cəfərovun videosunda səsləndirdiyi fikirlər də manipulyasiya xarakterli, ictimai rəyə yönəlmiş emosional çağırışlar təsiri bağışlayır. Halbuki həmin torpaqlar artıq azaddır, o yurdları işğaldan qurtaran qəhrəmanlar öz canlarını fəda ediblər. Bu gün minlərlə insan 5 ildir işğaldan azad olunmuş ərazilərdə gecə-gündüz çalışaraq bərpa və yenidənqurma işləri aparır. Dövlət bütün gücü ilə Qarabağı dirçəltməklə, yeni şəhərlər və kəndlər qurmaqla məşğuldur.

Ən acısı isə odur ki, bəziləri kompensasiya iddiasını, ya da müharibə xatirəsini şəxsi mənfəət alətinə çevirir. Halbuki bu xalq şəhid anasının oğul qan pulunu Ordunun fonduna ianə etdiyi anları da gördü, pensiyasını yırtıq ayaqqabısı ilə gətirib dövlətinə bağışlayan ağsaqqalı da unutmayıb. Bu mənəvi ucalıq fonunda bəzi şəxslərin provokativ çıxışları yalnız təəssüf doğurur.

Dövlətin son 30 ildə məcburi köçkünlərə göstərdiyi qayğı və dəstəyin miqyası heç vaxt danılmaz. Bu dəstəyi etiraf etmək üçün yalnız ədalət və vicdan gərəkdir.

Hər birimizin ömrü Allahın verdiyi qədərdir, sonda bizi tək müşayiət edən yalnız qoyduğumuz iz və xatirədir. Gələcək nəsillərə lənətlənəcək davranışlar deyil, nümunə olacaq izlər buraxmaq gərəkdir.
Seçilən
80
1
azadmedia.az

2Mənbələr