Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı qəbul edib. Görüşdə iki ölkə arasında müdafiə, enerji, iqtisadiyyat və texnologiya sahələrini əhatə edən geniş əməkdaşlıq paketi razılaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp görüşdən sonra Səudiyyə Ərəbistanını rəsmi şəkildə “NATO üzvü olmayan mühüm müttəfiq” elan etdiklərini açıqlayıb.
Ağ Evin məlumatına görə, Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satılmasına və təxminən 300 tankın təhvil verilməsinə razılıq verib. Bu, ABŞ-nin İsrail istisna olmaqla, bölgədə ilk dəfə F-35 satışı olacaq. Bundan əlavə, Vaşinqton və Riyad arasında sivil nüvə əməkdaşlığı haqqında birgə bəyanat imzalanıb. Saziş ABŞ nüvə texnologiyasının Səudiyyə Ərəbistanına açılmasını nəzərdə tutur, lakin əməkdaşlığın “nüvə silahlarının yayılmaması standartlarına tam uyğun” şəkildə aparılacağı vurğulanır.
İki ölkə, həmçinin, qiymətli minerallar, süni intellekt, yarımkeçiricilər və digər yüksək texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Şahzadə Məhəmməd bin Salman ABŞ-yə yatırımların 600 milyard dollardan 1 trilyon dollara yüksələcəyini bildirib və bu əməkdaşlığın gələcək onilliklərdə daha da dərinləşəcəyini söyləyib.
Tramp mətbuat konfransında Səudiyyə Ərəbistanını “20 ildir dostum olan” bir ölkə kimi xarakterizə edib və şahzadəni yüksək qiymətləndirib. O, həmçinin, Kaşıkçı qətlinə dair suala cavab olaraq şahzadənin hadisədən “xəbəri olmadığını” söyləyib.
Görüşdən sonra Ağ Evdə rəsmi ziyafət təşkil edilib. Tramp burada iki ölkə arasında əldə olunan sazişlərin “hər iki tərəf üçün tarixi əhəmiyyət daşıdığını” vurğulayıb və Səudiyyə Ərəbistanının genişmiqyaslı yatırımlarına görə təşəkkür edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.