AZ

Təqaüdü kəsildiyi üçün nalayiq ifadələr işlədən şəxs cərimə edilib

BAKI, 19 noyabr. TELEQRAF

Təqaüdünün kəsilməsinə etiraz edən şəxs ictimai yerdə nalayiq ifadələr işlətdiyi üçün cəzalandırılıb.

Teleqraf.com xəbər verir ki, 1991-ci il təvəllüdlü Astara rayonu, Şümrüd kənd sakini A. İmanov Deqədi kəndi ərazisində uca səslə söyüş söyərək ictimai qaydanı pozub. Hadisə zamanı ərazidə olan polis əməkdaşları ona dəfələrlə xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən İmanov barəsində inzibati protokol tərtib edilib.

Məhkəmədə ifadə verən İmanov özünü təqsirli bilib. Bildirib ki, ikinci qrup əlil kimi aldığı təqaüd son vaxtlar kəsildiyi üçün əsəbiləşib və nalayiq ifadələr işlədib. O, etdiyi hərəkətdən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə A. İmanov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) üzrə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilib.

Seçilən
46
teleqraf.com

1Mənbələr