21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) baş məşqçisi Rəşad Eyyubov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, U-21 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə qarşılaşacaq.
Rəşad Eyyubov komandasının bu matça hazırlığından razı qaldığını deyib:
“Faydalı hazırlıq prosesi keçdik. Futbolçularla həm oyunun mental tərəfi, həm də taktiki mövzular haqqında söhbətlər apardıq. Ümumilikdə uşaqların matça köklənmələrindən və toplanış dönəmindəki hazırlığından razıyam. Bundan başqa, Səttar Tahirzadəni də komandaya cəlb etdik. Ümid edirəm ki, ona debüt imkanı yaranacaq”.
Baş məşqçi səfərdə çıxış etmələrinə baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb:
“Bizi motivasiyalı rəqib gözləyir. Onların bu görüşdə bütün güclərini ortaya qoyacaqlarına əminəm. Futbolçular bu məsələ ilə bağlı mənim münasibətimi yaxşı bilirlər. Biz hansısa aspektdə rəqibdən daha güclü ola və ya əksinə, müəyyən cəhətlərdə zəif görünə bilərik. Amma rəqibin kimliyindən asılı olmayaraq, qətiyyən heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”.
Qeyd edək ki, “Europa Point Stadium”da keçiriləcək Cəbəllütariq – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

