AZ

"Ardıcıl xal itkiləri əhvalımızı korlayır, amma..." - "Şirvan"ın baş məşqçisi

İkinci Liqa təmsilçisi "Şirvan" növbəti dəfə xal itkisi ilə üzləşib. Bölgə təmsilçisi ötən gün səfərdə "Şəki Siti"yə uduzub (1:2). Beləliklə, debütant ardıcıl üçüncü turda qələbəyə həsrət qalıb. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında "Şəki Siti"yə məğlub olduqları görüşü şərh edib:

"Yaxşı kollektivə qarşı oynayacağımızı bilirdik. Görüşə ciddi hazırlaşmışdıq. Oyuna da yaxşı başladıq, hesabı açan tərəf də biz olduq. Təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik. Zədəli və cəzalı oyunçularımızın çoxluğu bizə problem yaradır. Heyətimiz geniş deyil. Bütün rəqiblərlə başabaş oynayırıq, ancaq sonda gücümüz tükənir. Buna baxmayaraq, toparlanacağıq. Ardıcıl xal itkiləri əhvalımızı korlayır. Amma bir qələbə yenidən yüksəlişə keçməyimizə şərait yarada bilər. 
Növbəti oyunumuz liderlərdən olan "Qaradağ Lökbatan"a qarşıdır. Bəli, güclü rəqibdir, təcrübəli komandadır. Amma evdə oynayacağıq, azarkeşlərimizin dəstəyi ilə əlimizdən gələni edəcəyik ki, görüşdən sərfəli nəticə ilə ayrılaq. İlk "altılıq"da yerimizi qorumağa çalışırıq. Bunu bacarsaq, bizim üçün yaxşı olar. Çünki debütantıq, təcrübə toplayırıq. Addım-addım irəliləməyə can atırıq".

"Şirvan" 9 turdan sonra 5-ci pillədə qərarlaşıb. Hazırda hesabında 16 xal olan komanda 10-cu tur çərçivəsində şərikli lider "Qaradağ Lökbatan" ilə qarşılaşacaq. Görüş 24 noyabrda Şirvanda baş tutacaq. 

Mirağa

Seçilən
31
fanat.az

1Mənbələr