AZ

Azərbaycanda nağdsız ödənişlər 10 dəfə artıb

Bakı, 18 noyabr, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı son beş ildə, hər ilin sentyabr ayının sonuna olan vəziyyət üzrə ardıcıl artım nümayiş etdirib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin sonunda dövriyyədə 10 milyon 841 min 662 ədəd ödəniş kartı olub.

2022-ci ilin sentyabr ayının sonuna olan məlumata əsasən, ölkədə dövriyyədə olan kartların sayı 13 milyon 194 min 261-ə yüksəlib. Bu, əvvəlki illə müqayisədə 21,7 faiz və ya 2 milyon 352 min 599 ədəd artım deməkdir.

2023-cü ilin sentyabr göstəricilərinə görə, dövriyyədə olan ödəniş kartlarının sayı 15 milyon 938 min 960 olub. Bu nəticə bir il ərzində kart sayının 20,8 faiz artdığını və ya 2 milyon 744 min 699 ədəd əlavə kartın istifadəyə daxil olduğunu göstərir.

2024-cü ilin sentyabrında dövriyyədəki kartların sayı daha da artaraq 18 milyon 923 min 497-yə çatıb. Bu, əvvəlki illə müqayisədə 18,7 faiz və ya 2 milyon 984 min 537 ədəd artım deməkdir.

2025-ci ilin sentyabr ayının sonuna olan məlumatlar da artım tendensiyasının davam etdiyini göstərir. Son bir ildə ödəniş kartlarının ümumi sayı 21 milyon 367 min 567-yə yüksəlib. Bu, 2024-cü illə müqayisədə 12,9 faiz və ya 2 milyon 444 min 70 ədəd artım deməkdir.

Son beş ilin yekun təhlili göstərir ki, 2021–2025-ci illər ərzində ölkədə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 10 milyon 525 min 905 ədəd və ya 97,1 faiz artıb.

Həm kredit, həm də debet kartlarının sayında bu dövrdə davamlı dəyişikliklər müşahidə olunub. Ümumi dinamika göstərir ki, kart bazarında əsas genişlənmə debet kartları üzrə baş verib, kredit kartlarında isə son ildə müəyyən azalma qeydə alınıb.

2021-ci ildə dövriyyədə olan kredit kartlarının sayı 1 milyon 303 min 225, debet kartlarının sayı isə 9 milyon 538 min 437 olub.

2022-ci ilin sentyabr ayının sonuna dair məlumatda kredit kartlarının sayının 1 milyon 727 min 420-yə yüksəldiyi görünür. Bu, əvvəlki illə müqayisədə 32,5 faiz və ya 424 min 195 ədəd artım deməkdir. Eyni dövrdə debet kartlarının sayı 11 milyon 466 min 841-ə çatıb ki, bu da 20,2 faiz və ya 1 milyon 928 min 404 ədəd artım deməkdir.

2023-cü ildə kredit kartları üzrə artım davam edib və dövriyyədə olan kredit kartlarının sayı 2 milyon 137 min 979-a çatıb. Bu, əvvəlki illə müqayisədə 23,8 faiz artım və ya 410 min 559 əlavə kartın dövriyyəyə daxil olması deməkdir. Həmin il debet kartlarının sayı isə 13 milyon 800 min 981 olub ki, bu da bir il ərzində 20,4 faiz və ya 2 milyon 334 min 140 kart artımı deməkdir.

2024-cü ilin sentyabr ayının sonuna olan göstəricilər kredit kartlarında artım tempinin zəiflədiyini göstərir. Bu dövrdə kredit kartlarının sayı 2 milyon 273 min 206 olub və əvvəlki illə müqayisədə cəmi 6,3 faiz və ya 135 min 227 ədəd artım qeydə alınıb. Debet kartlarının sayı isə əvvəlki tempdə artaraq 16 milyon 650 min 291-ə yüksəlib. Bu, bir il ərzində 20,6 faiz və ya 2 milyon 849 min 310 əlavə debet kartı deməkdir.

2025-ci ilin sentyabr ayının sonuna olan məlumatlara əsasən, son bir ildə kredit kartlarının sayında azalma müşahidə olunub. Kredit kartlarının sayı 2 milyon 116 min 255-ə düşüb ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz və ya 156 min 951 ədəd azalma deməkdir. Debet kartlarının sayı isə artım tendensiyasını davam etdirərək 19 milyon 251 min 312-yə çatıb. Bu göstərici bir il ərzində 15,6 faiz və ya 2 milyon 601 min 21 əlavə debet kartının dövriyyəyə daxil olduğunu göstərir.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, son beş ildə ölkədaxili nağdsız ödənişlərin həcmi yanvar–sentyabr ayları üzrə davamlı və yüksək artım nümayiş etdirib. 2021-ci ilin ilk doqquz ayında nağdsız ödənişlərin ümumi həcmi 7,46 milyard manat təşkil edib. Növbəti illərdə isə bu göstərici əhəmiyyətli dərəcədə yüksəlib.

2022-ci ilin yanvar–sentyabr dövründə ölkədaxili nağdsız ödənişlərin həcmi 16,51 milyard manat olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 121,3 faiz və ya 9,05 milyard manat artım deməkdir.

2023-cü ilin eyni dövründə artım tendensiyası davam edib və nağdsız ödənişlərin həcmi 33,23 milyard manat təşkil edib. Bu göstərici bir il ərzində 101,2 faiz və ya 16,72 milyard manat artımı ifadə edir.

2024-cü ilin yanvar–sentyabr aylarında ölkədaxili nağdsız ödənişlərin həcmi daha da artaraq 55,95 milyard manata çatıb. Bu, əvvəlki il ilə müqayisədə 68,4 faiz və ya 22,72 milyard manat çoxdur.

2025-ci ilin eyni dövrü üzrə açıqlanan rəqəmlər də artımın davam etdiyini göstərir. Cari ildə nağdsız ödənişlərin həcmi 72,23 milyard manat təşkil edib ki, bu da bir il ərzində 29,1 faiz və ya 16,28 milyard manat artım deməkdir.

Ümumi dinamika göstərir ki, ölkədə nağdsız ödənişlərin həcmi hər il ardıcıl olaraq artır. Bu tendensiya bank sektorunun sürətli rəqəmsallaşması, elektron alış-veriş platformalarının geniş yayılması və vətəndaşların nağdsız ödəniş üsullarına daha çox üstünlük verməsi ilə izah olunur.

Seçilən
51
7
azertag.az

9Mənbələr