AZ

“Dabağa yoluxmuş heyvanlarda balanın sağ qalma ehtimalı çox azdır” - BAYTAR

“Dabaq xəstəliyinin isə 30-a yaxın tipi mövcuddur. Aqrar sahədə fəaliyyət göstərən institutlar və labaratoriyalar Azərbaycanda hansı növün yayıldığını dəqiqləşdirməlidir. Vaksinlərin sifarişi də buna uyğun olmalıdır. Təəssüf ki, bununla bağlı qeyri-müəyyənlik mövcuddur”.

Bu sözləri “Yeni Sabah”a baytarlıq elmlər namizədi Əbilağa Məlikov deyib.

O bildirib ki, dabaq olduqca sürətlə yayılan və təhlükəli virus növüdür:

“10 ton suya 1 baş xəstə heyvan ağzını vurarsa, həmin sudan içən bütün heyvanların hamısı dabağa yoluxacaq. Yəni virus çox sürətlə bütün təsərrüfatlara yayılır”.

Ə. Məlikov qeyd edib ki, dabağa yoluxmuş heyvanlarda, adətən, dölün sağ qalma ehtimalı çox azdır:

“Heyvanın bətnindəki balanın vaksinlərə görə tələf olması istisna deyil. Amma sağ qalma ehtimalı çox azdır. Çünki bu infeksiya elə döldə fəsad verir. İri heyvanlarda 30 faizə qədər ölüm müşahidə oluna bilər. Ancaq körpə heyvanlarda bu göstərici 80-90 faizə qədər artır. Heyvan dabağa yoluxubsa, dünyaya gətirdiyi balanın dabağa yoluxmamaq ehtimalı təxminən 20-30 faizdir. Yəni o demək deyil ki, heyvan dabaqdırsa, balası da hökmən dabağa yoluxmuş doğulacaq”.

Qeyd edək ki, son günlər bir çox fermer dabağa qarşı vurulan vaksinlərin boğaz heyvanlarda balanı tələf etdiyi iddiası var.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
30
2
yenisabah.az

3Mənbələr