AZ

Azərbaycanın müstəqillik tarixinə yazılan Zəfər salnaməsi

Qələbə - Azərbaycanın iqtisadi və hərbi gücünün, diplomatik sahədəki üstünlüyünün və milli ruhun birləşdiyi andır. Ordumuz 5 il əvvəl qəhrəmanlıq dastanı yazaraq, Ermənistanın təxribatlarının və yeni işğal planlarının qarşısını aldı, torpaqlarımızı azad edərək böyük Zəfərə imza atdı. Silahlı Qüvvələrin modernləşdirilməsi və müasir texnologiyalarla təchiz edilməsi Zəfərin əsasını təşkil etdi. 

Qələbənin əsasını qoyan amillərdən biri də xalqın ordusuna olan dəstəyi idi. Vətən savaşında xalqla ordunun birliyinin, əsgər və zabitlərin öz torpaqları uğrunda fədakarlıqla mübarizə aparmasının böyük əhəmiyyəti vardı. Böyük əhəmiyyəti olan həm də Prezident İlham Əliyevin Azərbaycanın haqq səsini bütün dünyaya yayması və Qarabağın işğaldan azad edilməsi üçün hüquqi zəmin yaratması idi. Müharibə zamanı Azərbaycanın beynəlxalq səviyyədə həm siyasi, həm də hüquqi üstünlüyünü qoruyub saxlaması diplomatik zəfər hesab olunur. Prezidentin xarici ölkələrlə qurduğu əlaqələr, xüsusən Türkiyə ilə strateji müttəfiqlik bu qələbəni reallaşdıran amillərdən idi. 

2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi hərbi əməliyyatların yüksək səviyyədə təşkil edildiyini ortaya qoydu. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri müasir döyüş taktikalarından istifadə edərək qısa müddətdə böyük uğurlar əldə etdi. Xüsusən pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi düşmənin silah-sursatının və texnikasının məhv edilməsində əsas amillərdən oldu. 44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik düşməndən təmizləndi. Ən böyük strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin həlledici mərhələsi oldu. 

Prezident İlham Əliyevin qətiyyətli siyasəti, xalqı və ordunu motivasiya edən liderliyi, müharibə zamanı və onun öncəsində əldə olunan diplomatik uğurlarla yanaşı, iqtisadi müstəqilliyin gücləndirilməsi ilə bağlı gördüyü işlər qələbənin bünövrəsini təşkil etdi. Zəfər həmçinin təkcə hərbi güclə deyil, eyni zamanda diplomatik meydanda qazanılan böyük nailiyyət oldu. Uzun illər beynəlxalq arenada ədalətsiz vəziyyətdə olan Azərbaycan beynəlxalq hüququn bərpa edilməsini təmin etdi. Qarabağın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün, BMT-nin qətnamələrinin yerinə yetirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması idi. Türkiyə başda olmaqla qardaş və dost dövlətlər Azərbaycanın yanında duraraq bu müharibədə ona dəstək verdilər. Xüsusən Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi münaqişənin həllində mühüm rol oynadı. 

Müharibədən sonra regionda sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açıldı. Ermənistanın məğlubiyyəti ilə birlikdə Cənubi Qafqazda yeni reallıqlar yarandı. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri regionun geosiyasi və iqtisadi xəritəsini dəyişdi. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsinin təmin olunması xeyli yaxınlaşacaq. 

Müharibədən sonra Azərbaycanın əsas hədəflərindən biri azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması üçün geniş miqyaslı layihələrə start verildi. Bu gün həmin ərazilərə Böyük qayıdış çərçivəsində məcburi köçkünlərin öz yurdlarına dönməsi üçün müasir infrastrukturlar qurulur, yeni texnologiyaların tətbiqi ilə "ağıllı şəhərlər" və "ağıllı kəndlər" salınır. 

Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Qarabağın bərpa prosesində fəal iştirak edir. Heydər Əliyev Fondu xüsusilə mədəni irsin bərpası sahəsində mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə tarixi abidələr, məscidlər və dini-mədəni obyektlər yenidən qurulur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən bu işlər  Azərbaycan mədəniyyətinə böyük töhfələr verir. 

Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə işləri də səngimir. Ermənistanın işğal illəri ərzində Azərbaycan torpaqlarında çox sayda mina və partlayıcı maddələr yerləşdirilmişdir ki, bu da azad olunmuş ərazilərə insanların qayıdışını çətinləşdirir. Müharibə başa çatdıqdan sonra Azərbaycan ANAMA (Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi) və digər beynəlxalq tərəfdaşların köməyi ilə genişmiqyaslı minatəmizləmə əməliyyatları aparır. 

Minatəmizləmə prosesi həm əhalinin təhlükəsiz qayıdışını təmin etmək, həm də bu ərazilərin yenidən qurulmasını mümkün etmək üçün həyati əhəmiyyət kəsb edir. Təəssüf ki, mina xəritələrinin Ermənistandan alınması ilə bağlı Azərbaycan beynəlxalq təşkilatların vasitəçiliyi ilə bir sıra danışıqlar aparsa da, problem hələ də tam həll olunmayıb. 

Bu Zəfər Azərbaycanın dünyada milli birliyinin gücündə və gələcəyə inamında bir nümunə oldu. Bu Qələbə Azərbaycan xalqının iradəsinin, milli ruhunun və Prezident- Xalq birliyinin ən parlaq təzahürü oldu. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regiondakı rolu daha da möhkəmləndi. Xüsusən enerji siyasəti sayəsində Azərbaycan Avropanın təbii qaz təchizatçılarından birinə çevrildi. Qarabağın azad olunması və regionun bərpası ilə ölkəmizin geosiyasi əhəmiyyəti də artdı. Azərbaycanın həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşməsi ölkəmizin strateji nəqliyyat və logistika mərkəzinə çevrilməsini təmin etdi.

Müharibə dövründə və sonrakı illər Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi olaraq çıxış etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyini və Qarabağın azad olunması məsələsində qardaş ölkəyə tam dəstək verdiyini bəyan etdi. Zəfər Günü ilə bağlı keçirilən tədbirlərdə Türkiyənin rəsmi nümayəndələrinin iştirakı və hərbi paradlarda Türkiyə hərbi birləşmələrinin yer alması Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bariz nümunəsi oldu. 2021-ci ilin iyun ayında Şuşada imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasında strateji əməkdaşlığın zirvəsi hesab edilir. Bu bəyannamə hərbi və təhlükəsizlik sahəsində ortaq fəaliyyətlərə dair əsas prinsipial razılaşmaları özündə əks etdirir və Azərbaycanın bölgədəki təhlükəsizliyini təmin etmək məqsədini güdür.

2020-ci ilin dekabr ayında Prezident İlham Əliyev Zəfər Gününün təsis edilməsi ilə bağlı sərəncam imzaladı və 8 Noyabr Zəfər Günü elan edildi. Zəfər Günü qeyd olunarkən dövlətin ali rəhbərliyi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Həmin gün eyni zamanda şəhid ailələri və qazilərlə görüşlər təşkil edilir. Zəfər Gününün qeyd olunmasının ayrılmaz hissəsi isə hərbi paraddır. 2020-ci ilin dekabr ayında Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu gün də xatirimizdən silinmir. Həmin paradda Azərbaycan Ordusu ilə yanaşı, qardaş Türkiyənin Silahlı Qüvvələri də iştirak etdi. Bu, iki ölkənin qardaşlığının rəmzi olaraq yaddaşlara köçdü. Yaddaşlara köçən həm də bu il noyabrın 8-də keçirilən növbəti hərbi parad oldu. 

Azərbaycanın Zəfər Günü təkcə ölkə daxilində deyil, xaricdə də böyük təntənə ilə qeyd edilir. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində və diplomatik nümayəndəliklərində Zəfər Günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycan Ordusunun və xalqının qələbəsinin dünya ictimaiyyətinə çatdırılması üçün əhəmiyyətlidir. 

Bu gün Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində dalğalanmaqdadır. Biz tarixi şərəflə qarlı dağlara dağ vüqarlı oğullarla yazdıq və yazmağa davam edirik. Çünki  yazılacaq çox tariximiz var! Milli marşımız qəhrəmanlıq dastanımızdır. Dövlətlərimiz möhtəşəm tariximizin əmanətidir. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandan İlham Əliyev olmaqla, döyüş meydanında qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləridir. 44 günün hər günü bizim şanlı tariximizdir. 23 saat 43 dəqiqəlik əməliyyatın hər anı qürur və şərəfimizdir. 

8 Noyabr Azərbaycan xalqının qədim tarixinə Zəfər Günü kimi yazılıb. Xalq, ordu və liderin birliyi, əzm və iradə bu Zəfərin təməlidir. Bu gün Azərbaycan xalqı azad edilmiş torpaqlarında yeni həyat qurur, Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Bütün bunlar gələcək nəsillərə qürur mənbəyi olacaq və xalqımızın milli birliyinin təntənəsi kimi daim yaddaşlarda yaşayacaq. 

Murtəza HƏSƏNOV, 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, dosent

Seçilən
104
azerbaijan-news.az

1Mənbələr